Kimi Antonelli Formula 1 tarixinin ən gənc dünya çempionu olub
“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli 2026-cı il Formula 1 dünya çempionu olub.
AFN.az xəbər verir ki, mövsümün 19-cu yarışı olan Meksika Qran-prisini üçüncü pillədə başa vuran 20 yaşlı Antonelli Formula 1 tarixinin ən gənc çempionu adını qazanıb.
Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən 4 304 metrlik Hermanos Rodriges trasında keçirilən yarış 71 dövrədən ibarət olub.
Meksika Qran-prisinin qalibi “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen olub. O, yarışı 2 saat 20 dəqiqə 28,772 saniyəyə başa vurub.
“Ferrari” komandasının britaniyalı pilotu Lüis Hemilton liderdən 0,799 saniyə geri qalaraq ikinci yeri tutub.
Bu mövsüm 9 mərhələdə qələbə qazanan Antonelli isə Ferstappendən 4,006 saniyə geri qalaraq yarışı üçüncü pillədə tamamlayıb.
Yarışın 45-ci dövrəsində Valtteri Bottasın sol ön təkərinin partlaması nəticəsində avtomobil fırlanaraq düz yolun sonundakı baryerlərə güclü şəkildə çırpılıb.
Yarışdan kənar qalan Bottasın qəzasından sonra qırmızı bayraq qaldırılıb və yarışa bir müddət ara verilib.
Bu mövsüm çempion olduğu üçün xoşbəxt olduğunu bildirən Antonelli komandasının və ailəsinin dəstəyi olmadan bu səviyyəyə çata bilməyəcəyini vurğulayıb.
İtaliyalı pilot baş verənləri dərk etməyə çalışdığını, söz tapmaqda çətinlik çəkdiyini, inanılmaz bir mövsüm keçirdiklərini və podiumu Maks və Lüislə bölüşməyin möhtəşəm olduğunu bildirib. O, gələcəkdə daha çox mübarizə aparmağı səbirsizliklə gözlədiyini də qeyd edib.
Gənc pilot bu həftəsonu özünü bir qədər daha gərgin hiss etdiyini, lakin məqsədinə çatdığı üçün çox xoşbəxt olduğunu deyib.
Formula 1-də mövsümün başa çatmasına 4 yarış qalmış çempion müəyyənləşib. Növbəti yarış noyabrın 8-də Braziliya Qran-prisi çərçivəsində keçiriləcək.


