BƏƏ-də zədələnmiş tankerdən neft sızmasının qarşısı alınıb


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazi sularında zədələnmiş “Gem No.2” tankerindən neft sızmasının qarşısı alınıb.

AFN.az xəbər verir ki, bu barədə BƏƏ-nin Energetika və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, son qiymətləndirmələrə əsasən, tankerdən yeni neft sızması qeydə alınmayıb. Texniki qruplar gəminin zədələnmiş hissələrinin təmirini davam etdirir, əməliyyat sistemlərini bərpa edir və növbəti addımların təhlükəsiz müəyyənləşdirilməsi üçün gəminin gövdəsinin vəziyyətini yoxlayırlar.

Oktyabrın 30-na olan peyk müşahidələrinin nəticələrinə görə, neft ləkəsi əsasən Ümm əl-Qüveyn əmirliyinin sahillərində cəmləşib. Çirklənmənin bir hissəsi Rəs əl-Xeymə, Əcman və Şarca sahillərinə doğru hərəkət edir. İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi çirklənmənin sıxlığının nəzərəçarpacaq dərəcədə azaldığını bildirib.

Neftin təmizlənməsi üçün mexaniki toplama vasitələrindən və kimyəvi dispersantlardan istifadə olunur. Hakimiyyət orqanları bir sıra çimərliklərin müvəqqəti bağlanmasının ehtiyat tədbiri olduğunu, bunun bütün çimərliklərin çirklənməsi anlamına gəlmədiyini vurğulayıb. Yerli bazarlarda satılan balıq və ərzaq məhsullarının təhlükəsiz olduğu da təsdiqlənib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu