ABŞ-da aralıq seçkilər öncəsi sorğuların nəticələri açıqlanıb
ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri yaxınlaşdıqca sorğuların nəticələri də dəqiqləşməyə başlayıb.
AFN.az xəbər verir ki, ABŞ-da 435 yerlik Nümayəndələr Palatasının bütün üzvləri və 100 yerlik Senatın 35 üzvü üçün seçkilər keçiriləcək.
Seçkilərlə bağlı ölkə üzrə keçirilən sorğuların orta göstəricilərinə əsasən, həm Nümayəndələr Palatasında, həm də Senatda demokratlar üstün mövqedə görünsələr də, yekun nəticəni hazırda gərgin mübarizənin davam etdiyi seçki dairələri müəyyən edəcək.
Seçki prosesinin davam etdiyi ölkədə ümumi və ştat səviyyəsində keçirilən sorğuları toplayan Real Clear Politics (RCP) xəbər platformasının məlumatlarına görə, Senatdakı yerlərin 47-sini demokratların, 44-nü isə respublikaçıların qazanacağı proqnozlaşdırılır.
Doqquz ştatda isə namizədlər arasında mübarizə başabaş davam edir. Rəqabətin gərgin olduğu yerlərdən səkkizi respublikaçılara, biri isə demokratlara meyilli görünür.
Respublikaçılar bu ştatların altısında irəli keçərsə, yerlərin 50-yə 50 bölünməsi halında belə, vitse-prezident JD Vensin bərabərliyi pozan səsi sayəsində Senatda çoxluğu əldə edə bilərlər.
Qanunvericiliyə əsasən, Senatın sədri vəzifəsini də icra edən ABŞ-ın vitse-prezidenti bərabərliyi pozan səsini öz partiyasının xeyrinə istifadə edə bilər.
Bütün üzvlərinin seçkiyə qatıldığı Nümayəndələr Palatasında 218 yer qazanan tərəf çoxluğu da əldə etmiş olacaq.
RCP-nin hazırkı məlumatlarına görə, respublikaçıların Nümayəndələr Palatasında 182, demokratların isə 227 yer qazanacağı gözlənilir.
Nümayəndələr Palatasındakı 26 yer uğrunda demokratlarla respublikaçılar arasında davam edən mübarizədə isə fərq azalıb.
Buna əsasən, çoxluq əldə edən demokratlar Nümayəndələr Palatasında üstün mövqedə görünürlər.
Hazırda ABŞ Senatında respublikaçıların 53, demokratların isə 45 yeri var. İki yerə sahib olan müstəqil senatorlar bir çox məsələdə demokratlarla birlikdə hərəkət edirlər.
Nümayəndələr Palatasında isə respublikaçıların 218, demokratların 214, müstəqillərin bir yeri var. Palatada iki yer hazırda boşdur.
