Binance-da 6,3 milyard dollarlıq kriptovalyuta təhlükəsizliyi insidenti
Kriptovalyuta nəhəngi Binance platformasında baş verən təhlükəsizlik insidentinin təxminən 6,3 milyard dollar dəyərində aktivə təsir etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjası bu aktivlərin təxminən yarısının digər platformaların köməyi ilə dondurulduğunu və bütün itkiləri qarşılayacağını bildirib.
Binance-in internet üzərindən yaydığı bir sıra xəbərdarlıqlarda ilkin araşdırmaların şübhəli kiberhücumun təhlükəsizliyi pozulmuş mühəndisə məxsus noutbukla əlaqəli olduğunu göstərdiyi qeyd edilib. Bildirilib ki, bu hal hücum edən şəxsə icazəsiz vəsait çıxarma əməliyyatları aparmaq imkanı verib.
Hadisə 2025-ci ildə “Bybit” birjasında baş verən və Şimali Koreya ilə əlaqəli olduğu bildirilən 1,5 milyard dollarlıq kiberhücumu geridə qoyaraq potensial olaraq indiyədək qeydə alınmış ən böyük kriptovalyuta oğurluğu olub.
Təhlükəsizlik problemi Binance-in qlobal platformasına aid olsa da, əsasən ABŞ istifadəçilərinə xidmət göstərən daha kiçik kriptovalyuta platforması Binance.US hadisədən təsirlənmədiyini açıqlayıb.
Binance-in keçmiş rəhbəri Çanpen Çjao X platformasında paylaşım edərək baş verənlərin kiberhücuma bənzədiyini bildirib.
CZ kimi də tanınan Çjao artıq şirkəti idarə etməsə də, əsas səhmdarlardan biri olaraq qalır.
Binance araşdırmalar davam etdikcə dondurulmuş vəsaitlərin məbləğinin artmaqda davam edə biləcəyini qeyd edib.
Şirkət nümayəndələri cinayətkarların kimliyini müəyyənləşdirmək və onları ədalət mühakiməsinə cəlb etmək üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etdiklərini bildirərək istifadəçiləri yeniliklər üçün yalnız rəsmi kanallara etibar etməyə çağırıblar.
Araşdırma başa çatdıqdan sonra tam hesabatın dərc ediləcəyi də bildirilib.
Binance-in həmsədri Yi He bir sıra paylaşımlarında aktivləri dondurduqlarına görə müxtəlif kriptovalyuta emitentlərinə təşəkkür edib.
Yi He təhlükəsizliyin təmin olunduğu təsdiqlənənədək vəsait çıxarılması əməliyyatlarının dayandırıldığını və təhlükəsizliyin birinci yerdə olduğunu vurğulayıb.
Xəbərdarlıqlardan sonra Bitcoin-in qiyməti 4 faizdən çox ucuzlaşıb. Ethereum və Solana da daxil olmaqla digər aparıcı kriptovalyutaların qiymətləri də kəskin şəkildə aşağı düşüb.
Digər iki böyük kriptovalyuta platforması Tether və Circle mümkün Binance hücumuna cavab olaraq ümumilikdə təxminən 2,4 milyard dollar dəyərində aktivləri dondurduqlarını açıqlayıblar.
Circle şirkətinin baş icraçı direktoru Ceremi Allaire Binance ilə bağlı mümkün istismar barədə məlumatları yaxından izlədiklərini və hadisə ilə əlaqəli 800 milyon dollardan çox aktivin dondurulduğunu bildirib.
Circle ABŞ dolları ilə dəstəklənən dünyanın ən böyük kriptovalyutalarından biri olan USDC-nin emitenti və həmtəsisçisi kimi tanınır.
Tether-in baş icraçı direktoru Paolo Ardoino isə şirkətinin mümkün Binance birja hücumu ilə əlaqədar təxminən 1,6 milyard dolları dondurduğunu bildirib.
USDT kimi tanınan kriptovalyutanı buraxan şirkətin rəhbəri Ardoino sektoru və tərəfdaşları qorumağın əsas prioritetləri olduğunu vurğulayıb.
Müxtəlif kriptovalyuta sənayesi müşahidəçiləri birja təhlükəsizlik problemini təsdiqləməzdən bir neçə saat əvvəl Binance-ə mümkün kiberhücumla bağlı narahatlıqlarını ifadə etmişdilər.
2017-ci ildə Çjao tərəfindən Çində yaradılan və istifadəçilərə rəqəmsal aktivlərlə ticarət imkanı verən Binance-in dünya üzrə 300 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olduğu təxmin edilir.
Birja dünyanın müxtəlif ölkələrində tənzimləyici qurumların araşdırmalarına məruz qalır.
Şirkət 2024-cü ildə 160 milyard dollardan çox aktivi nəzarətində saxladığını açıqlamışdı.


