ABŞ İranın kriptovalyuta birjalarına sanksiya tətbiq etdi
ABŞ İranın ən böyük kriptovalyuta birjası "Nobitex" də daxil olmaqla dörd rəqəmsal aktiv birjasını sanksiya siyahısına salıb.
AFN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən bəyanatda Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) "İqtisadi Qəzəb" proqramı çərçivəsində İrana qarşı yeni sanksiya qərarları aldığı bildirilib.
Bu çərçivədə "Nobitex" və digər üç kriptovalyuta birjasının sanksiya siyahısına əlavə edildiyi qeyd olunan sənəddə "Nobitex"in ötən il İrana daxil olan bütün rəqəmsal aktivlərin 50 faizindən çoxunu idarə etdiyi vurğulanıb.
Açıqlamada şirkətin İranın sanksiyalardan yayınmasına kömək etdiyi, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı əməliyyatları asanlaşdırdığı və fidyə proqramları vasitəsilə fəaliyyət göstərən şəxslərin istifadə etdiyi rəqəmsal pul kisələri ilə əməliyyatlar həyata keçirdiyi iddia olunub.
Eyni zamanda "Nobitex"in İran Mərkəzi Bankının yüz milyonlarla dollarlıq sabit koinə çıxışını təmin etdiyi, İran valyutası rialın dəyərdən düşməsinin qarşısını almağa yönəlmiş cəhdlərdə istifadə olunduğu və internet kəsintilərinə rəğmən İrana məxsus fondların ölkə xaricinə çıxarılmasına yardım etdiyi irəli sürülüb.
Sənəddə "Nobitex"in rəhbər heyətinin də sanksiya siyahısına salındığı diqqətə çatdırılıb.
Məhdudiyyət siyahısına daxil edilən digər kriptovalyuta birjalarının "Wallex", "Bitpin" və "Ramzinex" olduğu, bunlardan "Wallex"in əməliyyat həcminə görə İranın ikinci ən böyük rəqəmsal aktiv birjası sayıldığı qeyd edilib.
Sözügedən şirkətlərin də İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli çox sayda əməliyyatın reallaşdırılmasına vasitəçilik etdiyi iddia olunub.
ABŞ Maliyyə naziri Skott Bessent mövzu ilə bağlı qiymətləndirməsində İranın sanksiyaları dövriyyədən çıxarmaq və kapitalı ölkədən kənara daşımaq kimi proseslər üçün rəqəmsal aktiv texnologiyalarından bir vasitə kimi istifadə etdiyini bildirib.
Bessent İranın nüvə silahı hazırlamasının qarşısını almaq məqsədilə maliyyə hərəkətliliyini həm ənənəvi bank sistemi, həm də rəqəmsal aktivlər üzərindən izləməyə davam edəcəklərini vurğulayıb.

