ABŞ İran ordusunun neft satışına qarşı yeni sanksiyalar elan etdi
ABŞ Maliyyə Nazirliyi İranın silahlı qüvvələrini yenidən bərpa etməsinin və ABŞ ilə regiondakı tərəfdaşlarına qarşı təhdidlərinin qarşısını almaq məqsədilə bu ölkə ordusunun neft satışına qarşı yeni sanksiyalar tətbiq olunduğunu bəyan edib.
AFN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) İranın hərbi neft satışına qarşı əlavə addımlar atdığı bildirilib.
Bu satışların İranın silahlı qüvvələrinin yenidən qurulmasını maliyyələşdirməsinə, həmçinin ABŞ və regiondakı tərəfdaşlarına qarşı təhdidlərini davam etdirməsinə şərait yaratdığı vurğulanan bəyanatda İran ordusunun bir sıra uydurma şirkətlər vasitəsilə İran xam neftini sataraq gəlir əldə etdiyi diqqətə çatdırılıb.
Sənəddə qeyd olunub ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının neft satışı qolu olan "Sepehr Energy Jahan" şirkəti neft ixracını həyata keçirmək üçün böyük ölçüdə kölgə donanması gəmilərindən və uydurma şirkətlərdən asılı vəziyyətdədir və bu çərçivədə müxtəlif şirkətlər sanksiya siyahısına əlavə edilib.
ABŞ-ın Maliyyə naziri Skott Bessent mövzu ilə bağlı qiymətləndirməsində bildirib ki, Maliyyə Nazirliyi İranı və onun ordusunu ABŞ-ın müttəfiqləri ilə Yaxın Şərqdəki tərəfdaşlarını təhdid etmək üçün ehtiyac duyduğu maliyyə resurslarından məhrum etmək məqsədilə bu ölkənin neft satışlarına qarşı təzyiqləri artırmağa davam edəcək.
Nazir həmçinin İran hökumətinin silahlı qüvvələrini və hərbi imkanlarını yenidən bərpa etmək məqsədilə neft gəlirlərini artırmasına icazə verməyəcəklərini də xüsusi olaraq vurğulayıb.

