Meta şirkəti 25 milyard dollar cərimələnib
ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə Facebook-un ana şirkəti Meta-nı istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı yanıltıcı açıqlamalar verdiyinə görə 25 milyard dollar cərimələyib.
AFN.az xəbər verir ki, sentyabrın 25-də Nyu-Meksikoda andlılar məhkəməsi Meta-nın ştatın istehlakçıların müdafiəsi haqqında qanununu 43 milyondan çox dəfə pozduğuna qərar verib.
İş Facebook istifadəçilərinin şəxsi məlumatlarının icazəsiz şəkildə siyasi reklamlar üçün istifadəsi ilə bağlı Cambridge Analytica qalmaqalından sonra açılıb.
2018-ci ildə üzə çıxan hadisə zamanı Britaniyanın siyasi məsləhət şirkəti Cambridge Analytica-nın təxminən 87 milyon Facebook istifadəçisinin məlumatlarına qanunsuz şəkildə çıxış əldə etdiyi açıqlanmışdı. Həmin məlumatlardan 2016-cı ildə ABŞ-də keçirilən prezident seçkiləri ərəfəsində seçicilərə yönəlmiş siyasi reklamların hazırlanmasında istifadə edilmişdi.
Nyu-Meksiko administrasiyası Meta-nın istifadəçiləri şəxsi məlumatlarının necə toplandığı və istifadə edildiyi barədə yanıltdığını iddia edib. Məhkəmə də şirkətin açıqlamalarında sistemli şəkildə yanıltma hallarının mövcud olduğu qənaətinə gəlib.
Meta qərardan şikayət verəcəyini bildirərək ştat administrasiyasının tətbiq etdiyi tədbirlərin şirkətin Nyu-Meksikoda fəaliyyət göstərməsini çətinləşdirəcəyini müdafiə edib. Şirkət, həmçinin, məhkəmə işinin onlayn mühitdə ifadə azadlığı ilə bağlı məsələlərə müdaxilə xarakteri daşıdığını irəli sürüb.
Nyu-Meksiko digər ştatların Meta ilə əldə etdiyi razılaşmaya qoşulmayaraq məhkəmə prosesini müstəqil şəkildə davam etdirib. Ştat administrasiyası cərimədən əldə ediləcək vəsaitin təhsil xərclərinə yönəldiləcəyini bildirib.
Bu qərar Meta-nın şəxsi məlumatların qorunması və sosial media platformalarının istifadəçilərə təsiri ilə bağlı üzləşdiyi hüquqi proseslərin yeni mərhələsi olub.
