Nigeriyada 80 milyondan çox uşaq qurğuşun zəhərlənməsi riski ilə üz-üzədir



Nigeriyanın səhiyyə və sosial rifah məsələləri üzrə dövlət naziri İziaq Adekunle Salako ölkədə ən azı 80 milyon uşağın qurğuşun zəhərlənməsi riski altında olduğunu bildirib. 

AFN.az xəbər verir ki, Salako bu barədə paytaxt Abucada 2026-cı il Beynəlxalq Qurğuşun Zəhərlənməsinin Qarşısının Alınması Həftəsi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Salako qurğuşun zəhərlənməsinin ciddi ictimai sağlamlıq və ətraf mühit problemi olduğunu vurğulayıb.

Nigeriyada ən azı 80 milyon uşağın qurğuşun zəhərlənməsi riski altında olduğunu bildirən Salako ətraf mühit və peşə fəaliyyəti ilə əlaqədar qurğuşuna məruz qalmanın qarşısını almaq üçün tədbirlərin gücləndirilməsinə çağırıb.

Bu il Təsbitdən Qarşısının Alınmasına mövzusu ilə təşkil edilən tədbirin qurğuşuna məruz qalma mənbələrinin aradan qaldırılması üçün konkret addımların sürətləndirilməsi baxımından əhəmiyyət daşıdığını deyən Salako xüsusilə uşaqların, reproduktiv yaşda olan qadınların və hamilələrin risk altında olduğunu qeyd edib.

Salako qurğuşunun başda beyin, böyrəklər, qan və sinir sistemi olmaqla, orqanizmin bir çox sisteminə zərər verə biləcəyini bildirib. O, qurğuşuna məruz qalmanın aşkar simptomlar yaranmadan da baş verə biləcəyini diqqətə çatdırıb.

Qurğuşun zəhərlənməsinin qarşısını almağın müalicədən daha effektiv olduğunu vurğulayan Salako deyib ki, bu problemlə yalnız müalicə yolu ilə mübarizə aparmaq mümkün deyil və mümkün olan bütün hallarda qurğuşuna məruz qalmanın qarşısı alınmalıdır.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məsləhətçisi Sara Anqo da qurğuşun zəhərlənməsini uşaqların sağlamlığı və inkişafı üçün qarşısı alına bilən, lakin çox vaxt aşkarlanması çətin olan təhlükə kimi qiymətləndirib.

Anqo UNICEF-in 2040-cı ilə qədər uşaqlarda qurğuşun zəhərlənməsinə son qoymağı hədəflədiyini bildirib. O, təşkilatın Nigeriya hökumətinə müşahidə sistemlərinin və laboratoriya imkanlarının gücləndirilməsi, risklər barədə məlumatlandırmanın təkmilləşdirilməsi və siyasət tədbirlərinin həyata keçirilməsi sahələrində dəstək verdiyini söyləyib.

Resolve to Save Lives təşkilatının baş məsləhətçisi Okeoma Obasi isə qurumun xəstəlik və risklərin monitorinqi sistemləri, laborator müayinələrin aparılması imkanları, sübutlara əsaslanan tədqiqatlar və ictimai məlumatlılığın artırılması istiqamətlərində dəstək göstərdiyini qeyd edib.

Obasi uşaqları qurğuşun zəhərlənməsindən qorumağın ən effektiv və iqtisadi baxımdan səmərəli yolunun qurğuşuna məruz qalmanın qarşısını almaq olduğunu vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu