UNICEF: Dünyadakı uşaqların yarısı ən azı üç iqlim təhlükəsinə məruz qalır
Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) tərəfindən dərc olunan hesabat dünyadakı uşaqların yarısının sağlamlıq, təhsil və sağ qalma proseslərini təhdid edən, bir-biri ilə kəsişən ən azı üç iqlim təhlükəsinə məruz qaldığını ortaya qoyub.
AFN.az xəbər verir ki, qlobal miqyasda iqlim böhranının dərinləşməsi ilə uşaqlar isti hava dalğaları, fırtınalar, daşqınlar və quraqlıq kimi artan təhlükələrlə üz-üzə qalıblar.
Dünya miqyasında 1 milyarddan çox uşaq bu təhlükələrin ən azı üçü ilə eyni vaxtda mübarizə aparır.
Yüksək gəlirli ölkələr də daxil olmaqla dünyadakı demək olar ki, hər bir uşağın hazırda ən azı bir iqlim təhlükəsinə məruz qaldığı bildirilən hesabatda 123 min uşağın isə həyatları boyu altıdan çox iqlim böhranı ilə qarşılaşdığı diqqətə çatdırılıb.
UNICEF-in icraçı direktoru Ketrin Rassell mövzu ilə bağlı verdiyi açıqlamada uşaqların həyatlarının isti hava dalğaları, meşə yanğınları, quraqlıqlar və daşqınların təsiri ilə alt-üst olmağa davam etdiyini vurğulayıb və dünyadakı uşaqların yarısının artıq gündəlik həyatlarını formalaşdıran ən azı üç kəsişən iqlim təhlükəsi ilə birlikdə yaşadığını ifadə edib.
Hesabatda iqlim böhranının infrastruktur üzərindəki təzyiqi artırdığı, mühüm yol və körpülərin zərər görməsinin yerli icmalar üçün ağır nəticələr doğurduğu qeyd olunub.
UNICEF tərəfindən paylaşılan sarsıdıcı görüntülərdə Papua-Yeni Qvineyada güclü yağışlar zamanı dağılan və yenisi tikilməyən həyati əhəmiyyətli piyada körpüsü səbəbindən uşaqların məktəbə getmək üçün timsahlarla dolu bir çayı keçmək məcburiyyətində qaldıqları görülüb.
UNICEF sahili daşqınları, quraqlıq, yüksək temperatur, yanğınlar, isti hava dalğaları, çay daşqınları, qum və toz fırtınaları ilə tropikal fırtınalar olmaqla səkkiz iqlim təhlükəsini analiz edib.
Analiz nəticələrinə görə, Afrikanın Sahel bölgəsi qlobal miqyasda ən ağır zərbə alan yerlərdən biri olub. Bölgədə 4 milyondan çox uşaq isti hava dalğaları, həddindən artıq istilər və qum-toz fırtınalarının yaratdığı üçqat təhlükə ilə qarşı-qarşıyadır.
Banqladeş, Myanma və Pakistan kimi Asiya ölkələrindəki uşaqların isə dünyadakı digər bütün yerlərdən daha çox iqlim təhlükəsinə məruz qaldığı müəyyən edilib.
Yüksək gəlirli ölkələrin də bu iqlim şoklarından sığortalanmadığı vurğulanan hesabatda İtaliyada 6 milyondan çox uşağın uzunmüddətli isti hava dalğaları və quraqlığa məruz qalması nümunə gətirilib.
Uşaqların daha yaxşı qorunması üçün bir plan hazırlayan UNICEF hökumətlərə və iş dünyasına emissiyaları azaltmaq və uşaqların asılı olduğu xidmətlərə diqqət yetirərək iqlimə uyğunlaşmanı təkmilləşdirmək çağırışı edib.
Direktor Rassell bu analizin hökumətlərin və qərar qəbul edənlərin daha yaxşı planlaşdırma aparmalarına və dözümlü xidmətlərə daha effektiv investisiya qoymalarına kömək edə biləcəyini dəyərləndirib.
O bildirib ki, səhiyyə və təhsil sistemlərini gücləndirdikdə, infrastrukturu uşaqları nəzərə alaraq inkişaf etdirdikdə onları bugünkü iqlim təhlükələrindən qorumuş və gələcəklərini təminat altına almağa kömək etmiş olarıq.


