Londonda isti hava dalğası 263 nəfərin ölümünə səbəb olub


Böyük Britaniya və ümumilikdə Avropada yaşanan isti hava dalğası səbəbilə Londonda 263 nəfərin həyatını itirdiyi ehtimal olunur. Imperial College London və London Gigiyena və Tropik Tibb Məktəbinin (LSHTM) tədqiqatçılarına görə, bu ölümlərin 173-ü birbaşa iqlim böhranının nəticəsidir.



Dünya Hava Hadisələrinin Əlaqələndirilməsi (World Weather Attribution) qrupu tərəfindən yayımlanan araşdırma iqlim böhranının Avropada temperaturla əlaqəli ölümləri üç qat artırdığını ortaya qoyub.



Alimlər bildirirlər ki, iyun ayının sonu və iyulun əvvəlində Avropanı təsiri altına alan isti hava, iqlim dəyişikliyi olmasaydı, 1–4 dərəcə daha sərin keçə bilərdi.



12 şəhərdə 2 300 ölüm, 1 500-ü iqlim böhranı ilə bağlı



Araşdırma Londra, Paris, Madrid, Barselona və Roma da daxil olmaqla 12 böyük Avropa şəhərində ümumilikdə 2 300 temperaturla əlaqəli ölüm hadisəsinin baş verdiyini göstərir. Bu ölümlərin təxminən 1 500-ü, yəni 65 faizi insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə ilə əlaqələndirilir.



Keçən həftə Londonda temperatur 34°C-yə qədər yüksəlmiş, Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi ictimai sağlamlıq üçün “kəhrəba” (amber) səviyyəsində isti hava xəbərdarlığı yaymışdı.



“Səssiz, amma dağıdıcı”: Ən çox yaşlılar təsirlənir



Tədqiqatda iştirak edən alimlər isti hava dalğalarının səssiz, lakin dağıdıcı olduğunu vurğulayaraq, hazırda müşahidə olunan 1.3°C-lik qlobal istiləşmənin belə yaşlılar və həssas qruplar üçün ölümcül nəticələr doğurduğunu bildiriblər.



Londonda qeydə alınan 263 ölümə əlavə olaraq, Madriddə 317, Parisdə isə 235 nəfərin isti hava səbəbilə həyatını itirdiyi təxmin edilir. Ölümlərin əksəriyyətinin yaşlı insanlar arasında baş verdiyi qeyd olunur.



Mütəxəssislər bildirirlər ki, Avropada əhalinin qocalması fonunda daha uzunmüddətli, daha isti və daha tez-tez baş verən isti hava dalğaları yaşlılar üçün artan təhlükə yaradır.



“İstilik qübbəsi” temperaturu yüksəltdi



23 iyun – 2 iyul tarixləri arasında Avropa üzərində formalaşan yüksək təzyiqli "istilik qübbəsi"nin isti və quru havanı bölgədə saxladığı və Şimali Afrikadan gələn isti hava axını ilə birlikdə temperaturu qeyri-adi səviyyələrə qaldırdığı qeyd olunur.



Alimlər bildiriblər ki, bu cür analizlər yalnız 12 şəhəri əhatə edir və təqdim edilən rəqəmlər Avropada temperaturla bağlı gerçək ölüm mənzərəsinin yalnız kiçik bir hissəsini əks etdirir. Həqiqi ölümlərin on minlərlə ola biləcəyi ehtimal olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu