ÜST Fransada ilk dəfə insanda aşkarlanan Şamonda virusu ilə bağlı araşdırmaları davam etdirir
Fransada indiyədək heyvanlarda müşahidə edilən Şamonda virusuna yoluxan ilk insanın vəfat etməsindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) araşdırmaları davam etdirir.
AFN.az xəbər verir ki, ÜST-ün sözçüsü Kristian Lindmeyer ictimai sağlamlıq üçün potensial risklər barədə məlumat toplayan Fransa rəsmiləri ilə əlaqə saxladıqlarını bildirib.
Lindmeyer Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində keçirilən həftəlik mətbuat konfransında Anadolu Agentliyinin müxbirinin Fransada indiyədək heyvanlarda müşahidə olunan Şamonda virusuna yoluxan ilk insanın vəfat etməsi, virusun təhlükəlilik səviyyəsi və ÜST ilə Fransa səhiyyə orqanları arasında əlaqələrin davam edib-etməməsi barədə suallarını yazılı şəkildə cavablandırıb.
Lindmeyer Fransanın Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində bu hadisə barədə ÜST-ə məlumat verdiyini qeyd edib. O bildirib ki, ÜST vəziyyəti yaxından izləyir, Beynəlxalq Səhiyyə Qaydaları vasitəsilə ölkələrlə, eləcə də heyvan sağlamlığı sahəsində tərəfdaşları olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) ilə məlumat mübadiləsi aparır.
Onun sözlərinə görə, ÜST Şamonda virusunun qeydə alınmış ilk insan yoluxması halını daha yaxşı anlamaq üçün yoluxma mənbəyi, mümkün ötürülmə yolları və ictimai sağlamlıq üçün potensial risklər barədə məlumat toplayan Fransa rəsmiləri ilə əlaqə saxlayır.
Lindmeyer Şamonda virusuna yoluxmanın əvvəllər insanlarda aşkarlanmadığını və bunun sənədləşdirilmiş ilk insan yoluxması olduğunu xatırladıb. O, insanların xüsusilə isti və rütubətli mövsümlərdə açıq havada olarkən ağcaqanad və digər həşəratların dişləməsindən qorunmaq üçün dəriyə həşəratqovucu vasitələr tətbiq edə və ya dərini örtən geyimlər geyinə biləcəklərini tövsiyə edib.
Lindmeyer ÜST-ün Şamonda virusu ilə bağlı hələ rəsmi risk qiymətləndirməsi aparmadığını vurğulayıb. O bildirib ki, mövcud məlumatlara və yaxın qohum virusların ötürülmə yollarına dair bilgilərə əsasən, bunun tək-tək qeydə alınan insan yoluxması halı olduğu və hazırda daha geniş yayılmaya səbəb olmasının gözlənilmədiyi deyilə bilər.
Lindmeyer ağcaqanadlar vasitəsilə ötürülən virusların yayılma potensialının ilin daha sərin aylarında, adətən, azaldığını da qeyd edib.
Fransa rəsmilərinin ölkənin şərqində yaşayan bir şəxsdə Şamonda virusuna ilk yoluxma halını qeydə aldıqlarını bildirən Lindmeyer deyib ki, həmin xəstədə Şamonda virusu ilə əlaqəli olduğu ehtimal edilən beyin fəsadları yaranıb. Rəsmilərin məlumatına görə, xəstənin immun sistemi zəifləmiş vəziyyətdə olub və bu, onun infeksiyaya yoluxmağa, eləcə də xəstəliyi ağır keçirməyə daha həssas olmasına səbəb ola bilərdi.
Lindmeyer əlavə edib ki, xəstə Şamonda virusunun heyvanlar arasında yayıldığı və Culicoides cinsinə aid sancan ağcaqanadların da mövcud olduğu ərazidə olub. Mümkün yoluxma yolları hələ də araşdırılır.
Fransa Səhiyyə Nazirliyinin açıqlamasında ayın əvvəlində Lion şəhərindəki xəstəxanada müalicə alan şəxsdə Şamonda virusuna yoluxmanın aşkarlandığı bildirilib.
Açıqlamada indiyədək virusun insanlara keçmədiyinin qəbul edildiyi, Lionda qeydə alınan halın isə virusun insanda ilk dəfə aşkarlanaraq ictimaiyyətə elan edildiyi hadisə olduğu qeyd olunub.


