Beynəlxalq Cinayət Məhkəməsi Aİ-ni ABŞ sanksiyalarına qarşı təcili addımlar atmağa çağırıb
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) inzibati fəaliyyətinə cavabdeh olan dəftərxana rəhbəri Osvaldo Zavala Giler Avropa İttifaqı (Aİ) Komissiyasını ABŞ sanksiyaları qarşısında Məhkəmə ilə əməkdaşlıq edən şirkət və təşkilatların hüquqi vəziyyətini mümkün qədər tez aydınlaşdırmağa çağırıb.
AFN.az xəbər verir ki, o, bu çağırışı ABŞ sanksiyalarının Məhkəmənin gündəlik fəaliyyətinə təsirini və Aİ-dən gözləntilərini dəyərləndirərkən səsləndirib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın BCM-yə səfərindən əvvəl Politico nəşrinə müsahibə verən Zavala Giler ABŞ sanksiyalarının yaratdığı çətinliklərdən danışıb.
Aİ Komissiyasının aydın mövqe ortaya qoymamasının şirkətləri və qeyri-hökumət təşkilatlarını (QHT) qeyri-müəyyənlik şəraitində saxladığını bildirən Zavala Giler, bu qurumların ABŞ sanksiyalarına əməl etməli olub-olmadıqlarını, əks halda hansı risklərlə üzləşəcəklərini bilmədiklərini deyib.
BCM-nin qorunması üçün konkret addımlar atılmasını istəyən Zavala Giler Aİ-nin ABŞ ilə dialoqa üstünlük verməsinə münasibət bildirərkən deyib: Ümid edirəm ki, dialoq üçün yaradılan imkan Məhkəməni qorumaq məqsədilə gözləmə müddəti kimi başa düşülməyəcək.
Zavala Giler genişmiqyaslı sanksiyalara hazırlaşan Məhkəmənin ABŞ texnologiya təminatçılarının xidmətlərindən açıq mənbəli proqram təminatına keçmək üçün 6 ay, dollardan asılılığı azaltmaq üçün isə 20 ay vaxt ayırdığını bildirib.
Mövcud sanksiyalarda telekommunikasiya xidmətlərinə istisna tətbiq edildiyini, lakin bu istisnanın davam edəcəyinə zəmanət olmadığını deyən Zavala Giler artıq ABŞ texnologiya şirkətlərinə etibar edə bilməyəcəyini vurğulayıb.
O, ödənişlərdə ABŞ vətəndaşları, bankları və ya valyutası ilə əlaqənin olmaması üçün təchizatçıların əməliyyatlarını ayrı-ayrılıqda yoxladıqlarını, bütün əməkdaşların Avropada bank hesabı açmasını və müqavilələrin avro ilə bağlanmasını təmin etdiklərini bildirib.
Zavala Giler bu prosesdə BCM-nin əməkdaşlıq etdiyi bankların sayının onlarla bankdan cəmi bir neçə banka düşdüyünü deyib. O, ABŞ ilə əlaqəsi olmayan ödənişləri həyata keçirməyə razılaşan qurumların sayının məhdud olduğunu da qeyd edib.
Zavala Giler Məhkəmənin Avropada, avro ilə və ABŞ-la əlaqəsi olmadan əməliyyatlar aparmaq imkanına malik olmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bunun təmin edilə bilməməsi Avropanın maliyyə suverenliyini də sual altına qoyacaq.
Aİ şirkətlərinin ABŞ sanksiyalarına əməl etməsinin qarşısını almağa yönəlmiş "Bloklama Qaydası"nın (Blocking Statute) işə salınması çağırışını təkrarlayan Zavala Giler, bu mexanizm tətbiq edilməsə belə, Məhkəmənin ən azı Avrozonada fəaliyyətini davam etdirə biləcəyinə dair təminat istəyib.
Zavala Giler aralıq tədbir kimi şirkətlərə təminat məktublarının verilməsini təklif edib.
Qeyri-müəyyənliyin banklar və texnologiya şirkətləri ilə yanaşı, Məhkəmə ilə əməkdaşlıq edən QHT-lərə də təsir etdiyini bildirən Zavala Giler bunun son dərəcə güclü çəkindirici təsir yaratdığını deyib. O bildirib ki, həmin təşkilatlar Məhkəmənin fəaliyyətini dəstəkləməyə davam etmək üçün hüquqi müdafiəyə malik olub-olmadıqlarını bilmirlər.
ABŞ-ın dövlət katibi Marko Rubio BCM-nin keçmiş hakimlərindən olan Cənubi Afrikalı hüquqşünas Navi Pillayın 2026-cı il Nobel Sülh Mükafatını qazanmasından sonra Məhkəməyə qarşı sanksiyalar tətbiq etmək qərarı aldıqlarını açıqlamışdı.
Rubio ABŞ-ın amerikalıların BCM tərəfindən mühakimə olunmasına icazə verməyəcəyini bildirərək, Məhkəmənin təhdidlərə son qoymalı olduğunu, əks halda ABŞ-ın onu aradan qaldıracağını demişdi.
BCM 2024-cü ilin noyabrında İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarı çıxarıb. ABŞ isə bu qərara qarşı çıxıb.
Vaşinqton administrasiyası avqust ayında BCM-nin sədri Tomoko Akanenin də daxil olduğu hakim və prokurorlara qarşı sanksiyalar tətbiq etmək qərarı verib.
"Bloklama Qaydası" ilk dəfə 1996-cı ildə ABŞ-ın Kuba, İran və Liviyaya embarqo tətbiq etmək qərarından sonra gündəmə gəlib. Bu qanunvericiliklə həmin ölkələrlə işləyən Avropa şirkətlərinə qarşı xarici məhkəmələrin verə biləcəyi qərarların qarşısının alınması və beləliklə, şirkətlərin qorunması məqsəd qoyulub.
Lakin sonradan Aİ ilə ABŞ arasında danışıqlar aparılaraq məsələnin həlli üçün razılıq əldə edildiyindən reqlamentin tətbiqi təxirə salınıb.
Sözügedən qayda ABŞ Prezidenti Donald Trampın 2015-ci ildə İranla imzalanmış nüvə sazişindən çıxmaq qərarından sonra 2018-ci il avqustun 7-də qüvvəyə minib.
Aİ-nin ali nümayəndəsi Kaya Kallas oktyabrın 20-də verdiyi açıqlamada BCM-ni ABŞ sanksiyalarından qorumaq üçün "Bloklama Qaydası" da daxil olmaqla bütün variantların nəzərdən keçirilməli olduğunu bildirib. O, Aİ-nin sanksiyaların qüvvəyə minməsindən əvvəlki 6 aylıq müddətdən hüquqi nəticələri təhlil etmək, dialoqa başlamaq və həll yolları axtarmaq üçün istifadə edəcəyini qeyd edib.

