BƏƏ-də neft sızması səbəbindən Ümmül-Qüveyn sahilləri bağlanıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ümmül-Qüveyn əmirliyində neft tankerindən yanacağın sızması nəticəsində çimərliklər və sahil əraziləri bağlanıb.
AFN.az xəbər verir ki, BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin yazılı açıqlamasında Ümmül-Qüveyndə neft tankerindən qaynaqlanan sızma nəticəsində dəniz çirklənməsinin aşkarlandığı və yanacağın sahil zolağına qədər çatdığı bildirilib.
Açıqlamada sızma səbəbindən Şarja və Əcman əmirliklərində hiss edilən qoxunun ictimai sağlamlıq üçün risk yaratmadığı qeyd olunub. Çirklənmənin təsirinə məruz qalan Ümmül-Qüveyndə isə çimərliklərin müvəqqəti bağlandığı bildirilib.
Vəziyyəti nəzarət altına almaq üçün mütəxəssis qruplarının hərəkətə keçdiyi vurğulanan açıqlamada ətraf mühitə təsirləri minimuma endirmək məqsədilə təmizləmə işlərinə başlanıldığı qeyd edilib.
Açıqlamada sahil ərazilərinin işlər başa çatanadək bağlı qalacağı bildirilib. Balıqçılara və dənizçilərə səlahiyyətli qurumların göstərişlərinə əməl etmək, çirklənmədən təsirlənən ərazilərdə balıq ovlamamaq çağırışı edilib.
Həmçinin əhalidən prosesi rəsmi kanallar vasitəsilə izləmək və əsassız iddialara inanmamaq xahiş olunub. Açıqlamada ictimaiyyətə mütəmadi məlumat veriləcəyi bildirilib.
