İndoneziyada meşə yanğınları 333 mindən çox insanda kəskin respirator infeksiyaya səbəb olub



İndoneziyanın müxtəlif bölgələrində aylardır davam edən meşə yanğınları nəticəsində 333 mindən çox kəskin respirator infeksiya halı qeydə alınıb. 

AFN.az xəbər verir ki, Antara agentliyinin məlumatına görə, İndoneziyanın Səhiyyə Nazirliyi son 24 saat ərzində meşə yanğınları ilə əlaqədar daha 4 min 522 yeni kəskin respirator infeksiya halının aşkarlandığını açıqlayıb.

Səhiyyə Nazirliyinin Ətraf Mühitin Sağlamlığı üzrə direktoru Then Suyanti bildirib ki, Cənubi Sumatra, Qərbi Kalimantan və Cənubi Kalimantan əyalətləri başda olmaqla, meşə yanğınlarının təsirinə məruz qalan müxtəlif bölgələrdə havanın keyfiyyəti təhlükəli səviyyədədir.

Suyantinin sözlərinə görə, meşə yanğınları ilə əlaqədar ölkə üzrə qeydə alınan kəskin respirator infeksiya hallarının sayı 333 min 470-ə çatıb. O, uşaqlara, yaşlılara, hamilələrə, eləcə də astma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olan şəxslər kimi həssas qruplara xüsusi diqqət yetirildiyini qeyd edib.

Suyanti vurğulayıb ki, hökumət kəskin respirator infeksiyalar, pnevmoniya, astma, eləcə də göz və dəri qıcıqlanması kimi yanğınların səbəb olduğu xəstəliklərin gedişatını yaxından izləyir. O, yanğınlardan zərər çəkən bölgələrdə dərmanların, tibbi ləvazimatların və avadanlıqların təchizatının tam təmin olunduğunu bildirib.

Hökumətin məlumatına görə, İndoneziyada avqust-sentyabr aylarında baş verən yanğınlarla 54 min 394 nəfər mübarizə aparıb.

Cənub-Şərqi Asiyanın bir sıra ölkələri İndoneziyada son illərin ən böyük yanğınları nəticəsində həftələrdir sıx tüstü altında qalır.

Nəzarətdən çıxan yanğınların səbəbləri arasında kənd təsərrüfatı sahələri açmaq məqsədilə bitki örtüyünün yandırılması üsulunun uzun illərdir tətbiq edilməsi də var. Yağıntıları azaldan El Nino iqlim hadisəsi isə vəziyyəti daha da ağırlaşdırır.

İndoneziyanın Meşə Nazirliyinin məlumatına görə, yanvar-iyul aylarında yanğınlar nəticəsində 202 min hektardan çox ərazi zərər görüb.

İndoneziyada fəaliyyət göstərən İqtisadiyyat və Hüquq Araşdırmaları Mərkəzinin apardığı araşdırmada bu ilki yanğınların ölkəyə iqtisadi zərərinin 1,7 milyard dollara çata biləcəyi bildirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu