Panamada 7,7 maqnitudalı zəlzələdə xəsarət alan iki nəfər ölüb
Mərkəzi Amerika ölkəsi Panamada oktyabrın 9-da baş verən 7,7 maqnitudalı zəlzələ zamanı xəsarət alan iki nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, Panama səhiyyə rəsmiləri zəlzələ nəticəsində itkin düşənlərin olmadığını, müalicə alan yaralıların sayının isə 30-dan az olduğunu açıqlayıblar.
Açıqlamada fəlakətdən sonra xəsarət alan iki nəfərin öldüyü bildirilib, həmçinin 13 mindən çox insanın zəlzələdən zərər çəkdiyi qeyd olunub.
Zəlzələnin episentrinin ölkənin kənd ərazilərindən biri olan Azuero yarımadasında yerləşdiyi bildirilib. Güclü yeraltı təkanların yaşayış məntəqələrinə və yollara ciddi ziyan vurduğu, zərərçəkənlərin isə yerli sakinlərin köməyi ilə gecəni çadırlarda və açıq ərazilərdə keçirdiyi qeyd olunub.
Son rəsmi məlumatlara görə, evləri dağılan və ya ciddi zədələr səbəbindən yaşayış üçün yararsız hala düşən 2 mindən çox insan yaradılmış 55 müvəqqəti sığınacaq mərkəzində yerləşdirilib.
Oktyabrın 9-da baş verən 7,7 maqnitudalı zəlzələdən sonra qeydə alınan afterşokların sayı 1000-i keçib.
Panama hökuməti ölkənin cənubunda baş verən 7,7 maqnitudalı zəlzələdən sonra milli fövqəladə vəziyyət elan etmişdi.



