YAP Suraxanıda VIII Qurultayın strateji vəzifələri müzakirə olunub
Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatı Prezident, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri davam etdirir.
AFN.az yapsuraxani.org.az-a istinadən xəbər verir ki, növbəti tədbir 23 oktyabr 2026-cı il tarixində Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, 30 ünvanında yerləşən Xarici Dillər Təmayüllü Gimnaziyanın Ərazi Partiya Təşkilatında (ƏPT) keçirilib.
Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, ƏPT-nin sədri, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova və ərazi təşkilatında fəaliyyət göstərən YAP fəalları iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan ƏPT sədri, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova bildirib ki, təhsildə ideoloji təhlükəsizlik milli dayanıqlığın və suverenliyin qorunmasının təməl şərtidir. Onun sözlərinə görə, bu istiqamət YAP-ın VIII Qurultayında irəli sürülən strateji çağırışların əsas sütunlarından biridir.
Xəyalə Veyisova diqqətə çatdırıb ki, 2 oktyabr 2026-cı ildə keçirilən YAP-ın VIII Qurultayında Prezident İlham Əliyev proqram xarakterli nitqində ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu bəyan edib, bu təhdidlərə qarşı dayanıqlı cəmiyyətin formalaşdırılmasında təhsil sisteminin və gənc nəslin maarifləndirilməsinin mühüm rolunu xüsusi vurğulayıb.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev qurultayda qarşıya qoyulan hədəflər barədə geniş məruzə ilə çıxış edərək bildirib ki, dövlət başçısının nitqindən irəli gələn vəzifələrin icrasında təhsil işçiləri ideoloji işin ön cəbhəsində yer almalıdırlar. O qeyd edib ki, müəllimlər yalnız elmi bilik vermir, həm də gənclərin dünyagörüşünün düzgün istiqamətləndirilməsində mühüm rol oynayırlar.
Ənvər Haqverdiyev əlavə edib ki, ideoloji təhlükəsizlik YAP-ın VIII Qurultayında müəyyənləşdirilən yeni dövrün strateji hədəflərinə çatmağın əsas vasitələrindən biridir. Onun sözlərinə görə, fiziki cəhətdən qorunan sərhədlərimizin mənəvi və intellektual baxımdan da sarsılmaz olması milli təhsil sisteminin vətənpərvər, savadlı və dövlətçilik prinsiplərinə sadiq gənclər yetişdirmək missiyasından keçir.
Görüşdə çıxış edən digər fəallar da Yeni Azərbaycan Partiyasının bu gün yalnız siyasi arenada fəaliyyət göstərən qurum olmadığını, müstəqil dövlətçiliyimizin keçmişini, bu gününü və gələcək hədəflərini özündə birləşdirən ümummilli məfkurəyə çevrildiyini diqqətə çatdırıblar.




