İran: Fars körfəzində neft daşıyan 4 gəmiyə zərbə endirilib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Fars körfəzinin şimal hissəsində neft yüklərini bir gəmidən digərinə ötürən 4 gəmiyə eyni vaxtda zərbə endirildiyini və gəmilərdə yanğının davam etdiyini bildirib.
AFN.az xəbər verir ki, qurumun açıqlamasında hadisənin neftin bir gəmidən digərinə köçürülməsi zamanı baş verdiyi qeyd olunub.
İnqilab Keşikçiləri Korpusunun yaydığı məlumatda bildirilib ki, icazə verilməyən marşrutlarla hərəkət etdiyi deyilən 4 gəmi neft transferi zamanı aşkarlanıb və eyni vaxtda vurulub.
Açıqlamada, həmçinin, dünən gecə Hörmüz boğazının qərbində 3 gəminin dəniz minasına toxunduğu, yanğın baş verdiyi və gəmilərin hərəkətinin dayandırıldığı bildirilib.
ABŞ-ni gəmiləri minalanmış keçiddən keçməyə təşviq etməkdə ittiham edən İnqilab Keşikçiləri Korpusu bunun dəniz qəzalarının artmasına səbəb olduğunu iddia edib.
Açıqlamada ABŞ-nin bu mövqeyini davam etdirəcəyi təqdirdə cavab tədbirlərinin əhatə dairəsinə regiondakı ABŞ hərbi bazalarının da daxil ediləcəyi bildirilib və Vaşinqton administrasiyasına xəbərdarlıq edilib.

