ABŞ neft tankerimizə müdaxilə etsə, biz də Amerika tankerlərini ələ keçirəcəyik - İran
İran neft tankerlərinin ABŞ tərəfindən ələ keçiriləcəyi təqdirdə eyni şəkildə cavab verəcəyini açıqlayıb.
İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Ramazan Şərif Qumda keçirilən tədbirdə çıxış edərək deyib: "İranın ABŞ-ın istənilən pis hərəkətinə, o cümlədən bizim gəmilərimizi ələ keçirməsinə cavab vermək və onların gəmilərini ələ keçirmək gücü var".
İran rəsmisi ABŞ-ın cəhdlərinə qarşı lazımi tədbirləri görəcəklərini bildirib.
Tətbiq etdiyi birtərəfli sanksiyalara görə ABŞ vaxtaşırı xam neft daşıyan İran tankerlərini müsadirə edir və nefti bu gəmilərdə hərracda satır. İran isə öz növbəsində Fars körfəzi ətrafında neft daşıyan tankerlərə dəniz qaydalarına əməl etmədiklərini əsas gətirərək müdaxilə edir.
ABŞ mediası avqustun 3-də Pentaqonun İranın müdaxiləsinə qarşı Hörmüz boğazında gəmilərə silahlı dənizçilər və dəniz piyadalarını yerləşdirməyə hazırlaşdığını yazıb. Bu xəbərdən sonra İran İnqilab Keşikçiləri Ordusu Hərbi Dəniz Qüvvələri 300-1000 kilometr mənzilə malik müxtəlif növ raketləri inventarına əlavə etdiyini açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən elan edib ki, təxminən 3000 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu avqustun 6-da Yaxın Şərqə çatıb.