Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrda bərpa oluna bilər




Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Rusiyanın ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları noyabr ayında yenidən başlatmağa hazır olduğunu bildirib.

AFN.az xəbər verir ki, ABŞ rəsmisi Rusiyanın Ukrayna ilə üçtərəfli görüş keçirilməsi barədə Vaşinqtonun təklifini qəbul etdiyini təsdiqləyib.

Uşakov Sankt-Peterburqdakı Konstantinovski sarayında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüşlə bağlı açıqlamalar verib. O, görüşün bir neçə gün əvvəl razılaşdırıldığını və Trampın kürəkəni Cared Kuşnerin səhhəti ilə əlaqədar müzakirələrə onlayn qoşulduğunu bildirib.

Uşakov Putinin ABŞ nümayəndələri ilə doqquzuncu dəfə görüşdüyünü deyib. Onun sözlərinə görə, üç saat davam edən görüş hərtərəfli və açıq müzakirələrlə yadda qalıb.

Uşakov xatırladıb ki, Uitkoff bundan əvvəl Osloda Ukrayna Prezidenti Volodimir Zelenski, bəzi Avropa liderləri, NATO və Avropa Komissiyasının nümayəndələri ilə danışıqlar aparıb.

Uitkoffun Vladimir Putinə Osloda keçirilən danışıqların məzmunu barədə məlumat verdiyini, öz şərhlərini bölüşdüyünü və bəzi yeni yanaşmalara diqqət çəkdiyini bildirən Uşakov qeyd edib ki, Avropa tərəfinin və Kiyevin mövqeyindəki yeni məqamlar Ukrayna böhranının həlli baxımından o qədər də faydalı görünməyib.

Uşakov Ukrayna ətrafındakı vəziyyətin Putinlə Uitkoff arasında keçirilən görüşün əsas mövzusu olduğunu vurğulayıb.

Onun sözlərinə görə, davamlı və uzunmüddətli sülhə nail olmağın yolları barədə fikir mübadiləsi davam etdirilib. Putin ABŞ-nin qarşılıqlı məqbul həll yollarının tapılması istiqamətindəki vasitəçilik səylərini yüksək qiymətləndirib.

Uşakov Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların bərpası ehtimalının konkret şəkildə müzakirə olunduğunu bildirib. O əlavə edib ki, amerikalılardan alınan siqnallar da nəzərə alınmaqla mövcud vəziyyət yenidən təhlil edilib.

Uşakovun sözlərinə görə, Putin Uitkoffa əsas məsələ üzrə üçtərəfli danışıqları prinsip etibarilə noyabrın 10-u ətrafında bərpa etməyə hazır olduqlarını bildirib. Bu məsələ münaqişə başa çatdıqdan sonra Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin yaradılması ilə bağlıdır. ABŞ nümayəndəsi isə belə qərarın Tramp tərəfindən, şübhəsiz, böyük məmnuniyyətlə qarşılanacağını deyib.

Uşakov Putinin ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampa da humanitar səylərinə görə təşəkkürünü çatdırdığını bildirib. Onun sözlərinə görə, Melaniya Tramp müharibə bölgəsindəki uşaqların ailələri ilə qovuşması üçün çalışıb və Xerson vilayətinin Oleşki şəhərində yaranmış ciddi humanitar vəziyyətin həllinə vasitəçilik edib.

Görüşdə Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü ilə bağlı razılaşmaların icrası məsələlərinə də geniş yer ayrılıb. Uşakov Putinin və Trampın bu barədə əldə etdikləri razılaşmanın yalnız Rusiya və ABŞ-nin maraqlarına xidmət etmədiyini, həmçinin dünya yanacaq bazarında tələb və təklifin sabitləşməsinə töhfə verəcəyini vurğulayıb.

Uşakov bildirib ki, ABŞ Prezidenti Donald Trampın və administrasiyasının bir sıra üzvlərinin dəfələrlə etdiyi müraciətlər nəzərə alınaraq, Putin Rusiyada muzdlu döyüş fəaliyyəti ilə bağlı cinayətə görə məhkum edilmiş ABŞ vətəndaşı Stiven Habardı humanitar səbəblərlə əfv edib. Onun sözlərinə görə, Habardın ABŞ-yə qayıtması üçün o, Sankt-Peterburqdakı Pulkovo hava limanında Stiv Uitkoffa təhvil verilib.

Uşakov Yaxın Şərqdəki vəziyyət, xüsusilə İran ətrafında baş verən hadisələr barədə də fikir mübadiləsi aparıldığını bildirib. Onun sözlərinə görə, Putin diplomatik imkanların hələ tükənmədiyini, Tehranla razılaşmanın mümkün və zəruri olduğunu vurğulayıb.

Uşakov, həmçinin noyabr ayında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin tarixdə ilk dəfə bir araya gəlməsi ehtimalının müzakirə olunduğunu söyləyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu