Tramp jurnalistləri Ağ Evdən çıxarmağı təklif edib


ABŞ Prezidenti Donald Tramp Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Livittə jurnalistlərin binadan çıxarılmasını və brifinq zalının yerində qapalı hovuzun bərpa olunmasını təklif edib.

AFN.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp bu təklifi Livittə bir neçə dəfə səsləndirib və bunun onun vəzifədəki “son mirası” ola biləcəyini deyib. ABŞ lideri eyni ideyanı müşavirləri ilə də bölüşüb.

Söhbət Ağ Evin Qərb qanadında yerləşən Ceyms Bredi adına brifinq zalından gedir. Hovuz 1933-cü ildə ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltin dövründə tikilib. Daha sonra ölkənin 37-ci prezidenti Riçard Nikson jurnalistlər üçün yer açmaq məqsədilə hovuzu bağlatdırıb.

"The New York Times" hesab edir ki, Trampın prezidentliyi dövründə jurnalistlərin Ağ Evdən çıxarılması simvolik hadisə olardı. Qəzet bunu onun mediaya qarşı mütəmadi hücumları ilə əlaqələndirir.

Tramp sentyabrın 18-də CNN və MS NOW telekanallarının, eləcə də "Politico" nəşrinin jurnalistlərini administrasiya haqqında yalan məlumat yaymaqda ittiham edərək onların Ağ Evə giriş imkanlarından məhrum edildiyini açıqlayıb. O, qadağanın tətbiq olunduğu media qurumlarının siyahısının genişləndirilə biləcəyini də bildirib.

Adları çəkilən media qurumlarının nümayəndələri məhkəməyə müraciət ediblər. Məhkəmə araşdırma başa çatanadək CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişinin təmin olunması barədə qərar verib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu