ABŞ məhkəməsi Ağ Evə media akkreditasiyalarını bərpa etdi



ABŞ-da federal hakim CNN, MS NOW və Politico xəbər qurumlarının Ağ Evə giriş üçün tələb olunan və prezident Donald Tramp tərəfindən ləğv edilən akkreditasiyalarının bərpa olunmasına qərar verib.

AFN.az xəbər verir ki, Vaşinqtondakı federal məhkəmənin hakimi Timoti Kelli sözügedən media qurumlarının Tramp administrasiyasına qarşı açdığı iş üzrə qərar qəbul edib. Qərara əsasən, CNN, MS NOW və Politico əməkdaşlarının Ağ Evə giriş imkanları müvəqqəti olaraq bərpa edilməlidir.

Kelli bu qərarı media qurumlarının Ağ Evə girişinin məhdudlaşdırılmasına qarşı qaldırdığı iddia çərçivəsində verib. Məhkəmənin qərarı akkreditasiyaların dərhal qaytarılmasını və bərpa edilməsini nəzərdə tutur.

Tramp sentyabrın 18-də sosial media hesabında CNN, MS NOW və Politico-nun Ağ Evdən dərhal qadağan edildiyini açıqlamış və buna səbəb kimi həmin qurumların xəbərləri ilə bağlı iradlarını göstərmişdi.

CNN, MS NOW və Politico isə müxbirlərinin Ağ Evə girişinin qadağan edilməsinə qarşı federal məhkəməyə müraciət etmişdi. Media qurumları qərarın ABŞ Konstitusiyasının mətbuat və söz azadlığı ilə bağlı müddəalarını pozduğunu bildiriblər.

Tramp administrasiyası isə Ağ Evə media girişinin hüquq deyil, imtiyaz olduğunu müdafiə edib.

CNN, MS NOW və Politico-ya tətbiq olunan qadağadan sonra ABC, CBS, Fox News, NBC və CNN kimi aparıcı televiziya xəbər qurumlarının daxil olduğu birgə yayım hovuzu da fəaliyyətini dayandırmışdı. CNN bu hovuzun üzvlərindən biri idi.

Federal hakim Timoti Kelli daha əvvəl də Tramp administrasiyasının CNN müxbiri Cim Akostanın Ağ Ev akkreditasiyasını ləğv etməsi ilə bağlı işə baxıb və 2018-ci ildə jurnalistin akkreditasiyasının bərpa edilməsinə qərar verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu