Tramp onu müdafiə edən siyasi müttəfiqlərin azlığından narazıdır
ABŞ Prezidenti Donald Tramp onu açıq şəkildə dəstəkləyən və siyasətini müdafiə edən siyasi müttəfiqlərinin azlığından narazıdır.
AFN.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Tramp qapalı görüşlərdə ikinci prezidentlik müddətinin nəticələrini televiziyalarda müdafiə edən siyasi müttəfiqlərinin kifayət qədər olmadığından şikayətlənib.
Nəşrin mənbələrinə görə, ABŞ lideri köməkçilərinə onun siyasətini və ikinci prezidentlik müddətində əldə etdiyi nəticələri ictimaiyyət qarşısında müdafiə edən siyasi müttəfiqlərinin sayının yetərli olmadığını deyib.
Qəzet yazır ki, Trampın narazılığı yaxın köməkçilərindən biri Natali Harpın ona MS NOW telekanalının efirindən bir neçə görüntü göstərməsindən sonra daha da artıb. Həmin görüntülərdə aparıcılar ABŞ administrasiyasının fəaliyyətini tənqid ediblər. Bundan bir neçə saat sonra Tramp CNN, MS NOW telekanallarının və “Politico” qəzetinin jurnalistlərinin Ağ Evə giriş icazələrinin ləğv edilməsi barədə göstəriş verib. Qərar Ağ Ev əməkdaşları üçün gözlənilməz olsa da, göstəriş qısa müddətdə icra edilib.
Nəşr ABŞ liderinin yaxın çevrəsinə istinadən yazır ki, Tramp 20 aydan sonra da istədiklərinə nail ola bilməməsindən narazıdır.
