Məkkə paktı digər ölkələrin üzünə açıqdır - Türkiyə
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə müdafiə paktı digər ölkələrin də qoşulması üçün açıqdır və NATO-ya alternativ deyil.
AFN.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, saziş beynəlxalq təhlükəsizlik sistemini tamamlayan əlavə mexanizmdir. Türkiyə sənədi parlamentin təsdiqindən və konstitusion prosedurlardan sonra icra edəcək.
Paktın ratifikasiyası ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim olunub. Sazişin əsas müddəalarına görə, iştirakçı ölkələrdən birinə hücum bütün üzvlərə qarşı hərbi təcavüz kimi qiymətləndiriləcək. Sənəd müdafiə sənayesi, kəşfiyyat, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində əməkdaşlığı da nəzərdə tutur.
Məkkə paktı avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Oktyabrın 5-də tərəflər birgə müdafiə öhdəliklərinin praktiki icrasına başlamaq və Səudiyyə Ərəbistanında razılaşdırılmış hərbi qüvvə və vasitələrin yerləşdirilməsi üçün tədbirlər görmək barədə razılığa gəliblər.
