ABŞ Ukraynaya Patriot sistemlərinin tədarükünü hələ təsdiqləməyib
ABŞ müdafiə naziri Pit Heqsethin Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünü hələ təsdiqləmədiyi iddia olunur.
AFN.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinə danışan mənbələr Heqsethin Ukraynanın ballistik raketlərin qarşısını almaq üçün tələb etdiyi Patriot sistemlərinin göndərilməsini rəsmi şəkildə rədd etmədiyini, lakin təsdiq üçün tələb olunan addımları tamamlamadığını bildiriblər.
Bu gecikmə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları müvəqqəti dayandırdığı və Ukrayna Prezidenti Volodimir Zelenski ilə arasında gərginliyin artdığı bir dövrə təsadüf edir.
Digər tərəfdən, adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi ölkəsinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə tərəflərlə danışıqlarda konstruktiv rol oynamağa davam etdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da qlobal yanacaq qiymətlərini azaltmaq məqsədilə Rusiya ilə yüz minlərlə ton dizel yanacağının tədarükü barədə razılaşdıqlarını, bunun müqabilində isə sanksiyaları müvəqqəti dayandırdıqlarını açıqlamışdı.
Son dövrlərdə münasibətləri gərginləşən Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskva ilə razılaşma əldə etməyə hazır olmadığını iddia edən Tramp, bəlkə də Zelenskinin danışıqları başqa birinə həvalə etməsinin vaxtının çatdığını demişdi.
