NASA insan beyninin miniatür modellərini Beynəlxalq Kosmik Stansiyaya göndərib



NASA-nın eksperiment çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərdiyi miniatür insan beyni modelləri mikroqravitasiya və radiasiyanın beyin hüceyrələrinə təsirlərini araşdırmaq üçün istifadə olunacaq. 

AFN.az xəbər verir ki, tədqiqatın kosmik uçuşların qocalma və nevroloji xəstəliklərlə əlaqəsini anlamağa töhfə verməsi hədəflənir.

Laboratoriyada yetişdirilən miniatür insan beyni modelləri SpaceX şirkətinin 35-ci kommersiya təchizat missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya çatdırılıb.

NASA-nın SpaceX CRS-35 missiyası çərşənbə axşamı Floridadakı Kanaveral burnundan buraxılıb. Təchizatları daşıyan Dragon kapsulu oktyabrın 15-də Bakı vaxtı ilə saat 18:00-da orbitdəki kosmik stansiyaya birləşib.

Kapsulda sinir toxuması olan və miBrains adlandırılan üçölçülü miniatür insan beyni modellərinin də daxil olduğu təxminən 2 860 kiloqram material yerləşdirilib.

Bir neçə həftə kosmik stansiyada saxlanılacaq miBrains modellərindən mikroqravitasiya və radiasiyanın insan beyninə təsirlərini öyrənmək üçün istifadə olunacaq.

NASA eksperiment çərçivəsində laboratoriyada yetişdirilən kiçik insan beyni modellərinin beş həftəlik müddətə orbitə göndərildiyini bildirib. Tədqiqatçılar kosmosda saxlanılan nümunələri Yer kürəsində eyni şəraitdə qorunan analoji nümunələrlə müqayisə edərək qısamüddətli kosmik uçuşun beyin hüceyrələrində yaratdığı dəyişiklikləri müəyyənləşdirməyi hədəfləyirlər.

Alimlər mikroqravitasiya və radiasiyanın hüceyrə və genetik səviyyədə yarada biləcəyi dəyişiklikləri araşdıracaqlar. Əldə ediləcək nəticələrin insanlarda qocalma və nevroloji xəstəliklərlə əlaqəli proseslərin daha yaxşı anlaşılmasına töhfə verməsi gözlənilir.

Tədqiqatın gələcəkdə Aya, Marsa və daha uzaq nöqtələrə həyata keçiriləcək uzunmüddətli kosmik missiyalarda astronavtların beyin sağlamlığının qorunması üçün üsulların hazırlanmasına da kömək edə biləcəyi düşünülür.

Uzunmüddətli kosmik missiyalar zamanı əzələ itkisi, sümük sıxlığının azalması, görmə dəyişiklikləri və bədən mayelərinin paylanmasındakı fərqlər kimi müxtəlif fiziki təsirlər əvvəllər də müşahidə olunub.

SpaceX CRS-35 missiyası çərçivəsində mikroqravitasiyanın bitki xəstəliklərinin inkişafına təsir edib-etmədiyini araşdıran eksperiment də həyata keçiriləcək.

Kosmosda yetişdirilən bitkilər astronavtları qida ilə təmin etməklə yanaşı, karbon qazını udub oksigen istehsal etdiklərinə görə də uzunmüddətli insanlı missiyalar baxımından əhəmiyyət daşıyır.

Tədqiqatçılar kosmik stansiyada aparılacaq araşdırmaların xəstəliklərə daha davamlı bitki növlərinin yetişdirilməsinə töhfə verəcəyinə ümid edirlər.

Eksperimentlərdə istifadə edilən nümunələrin noyabrın ortalarında Kaliforniya sahilləri yaxınlığında suya enməsi planlaşdırılan kapsulla Yerə qaytarılması gözlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu