Aİ yeni Arktika strategiyasında hərbi və iqtisadi hədəfləri önə çəkib


Avropa Komissiyası son 30 ildən artıq müddətdə ilk dəfə hərbi hazırlığa üstünlük verən yeni Arktika strategiyasını təqdim edib.

AFN.az xəbər verir ki, sənədi Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Strasburqda Avropa Parlamentində açıqlayıb.

Strategiya Arktikada döyüş hazırlığının artırılmasını, kritik infrastrukturun qorunmasını, buzqıran donanmanın genişləndirilməsini və NATO tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Həmçinin bölgədə dəniz fəaliyyətini izləyəcək Dəniz Təhlükəsizliyi Mərkəzinin yaradılması planlaşdırılır. Sualtı infrastrukturun, xüsusilə Qrenlandiyanı Avropa ilə birləşdirən rabitə kabellərinin mühafizəsi və təmiri də prioritetlər sırasındadır.

Sənəddə Arktikada əsas ticarət marşrutlarının qorunmasına və yeni texnologiyaların inkişafına da diqqət yetirilir. "The Times" qəzetinə müsahibəsində Kallas Aİ-nin Rusiyanın Şimal Dəniz Marşrutu üzərində nəzarətinə etiraz etmək və Avropa ölkələri üçün bu marşrutda sərbəst hərəkət tələb etmək niyyətini açıqlayıb.

Yeni strategiyada Arktika ehtiyatlarının ekoloji zərər vurmadan hasilatına imkan verəcək texnologiyaların inkişafı da nəzərdə tutulur. Sənəd Aİ ölkələri tərəfindən müzakirə edildikdən sonra Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

2021-ci ildə qəbul edilmiş əvvəlki strategiyada əsas diqqət ətraf mühitin qorunmasına yönəlmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu