Cənubi Koreyada uçuş zamanı təyyarənin qəza çıxışını açmağa cəhd edən sərnişinə həbs cəzası verilib
Taylandın paytaxtı Banqkokdan Cənubi Koreyanın Tequ şəhərinə uçan sərnişin təyyarəsinin qəza çıxış qapısını uçuş zamanı açmağa cəhd edən şəxs şərti həbs cəzasına məhkum edilib.
AFN.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyanın Tequ Rayon Məhkəməsi 2025-ci il noyabrın 22-də T’way Air aviaşirkətinə məxsus təyyarədə baş verən hadisə ilə bağlı qərarını açıqlayıb.
Aviasiya Təhlükəsizliyi Qanununu pozmaqda ittiham olunan sərnişinin təyyarə təxminən 11 300 metr yüksəklikdə uçarkən qəza çıxış qapısının kilidini qaldırmağa çalışdığı bildirilib.
Məhkəmə sərnişinə 4 ay həbs cəzası verib, cəzanın icrasını 2 il müddətinə təxirə salıb və onu 80 saat ictimai işlərdə çalışmağa məhkum edib.
Qərarda təqsirləndirilən şəxsin qapını yalnız bir dəfə açmağa cəhd etdiyi və uçuş zamanı qapının açılma ehtimalının aşağı olduğu nəzərə alınaraq, hərəkətinin məhdud təhlükə yaratdığı qeyd edilib.

