ABŞ-da 2 sərnişin təyyarəsi uçuş-enmə zolağında toqquşub
ABŞ-da "Delta Airlines" və "Endeavour Air" şirkətlərinə məxsus sərnişin təyyarələri Corciya ştatının Atlanta şəhərinin hava limanında uçuş-enmə zolağında toqquşub.
ABŞ Federal Aviasiya İdarəsi (FAA) Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında "Delta"nın sərnişin təyyarəsinin eyni şirkətin törəmə şirkəti olan "Endeavour Airlines" şirkətinə məxsus təyyarə ilə toqquşduğunu açıqlayıb.
Bildirilib ki, Yaponiyanın paytaxtı Tokioya qalxmağa hazırlaşan "Delta Airlines"a məxsus 295 səfər saylı Airbus A350 təyyarəsinin qanad ucu 5526 səfər saylı "Endeavour Air" təyyarəsinin quyruğuna dəyib.
Qəza zamanı "Bombardier" tipli təyyarənin toqquşma nəticəsində bütün quyruq hissəsi qopub.
Tokioya gedən "Delta" təyyarəsində 221 sərnişinin, Luiziana ştatına uçmağa hazırlanan "Bombardier CRJ900" tipli "Endeavour" təyyarəsində isə 56 sərnişinin olduğu qeyd edilib.
FAA rəsmiləri toqquşma nəticəsində heç kimin xəsarət almadığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Mənbə: AA