Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 1201-ə çatıb
Banqladeşdə martın ortalarından bəri davam edən epidemiya zamanı qızılca şübhəsi ilə həyatını itirən uşaqların sayının 1201-ə yüksəldiyi bildirilir.
AFN.az xəbər verir ki, “Dhaka Tribune” qəzetinin məlumatına görə, Banqladeş Səhiyyə Nazirliyinin tabeliyindəki Səhiyyə Xidmətləri Baş İdarəsi ölkədəki qızılca epidemiyası ilə bağlı yenilənmiş məlumatları açıqlayıb.
Açıqlamada martın 15-dən bəri qızılcaya bənzər simptomlar göstərən 1097 uşağın və qızılca diaqnozu qoyulmuş 104 uşağın həyatını itirdiyi bildirilib.
Eyni dövrdə qızılca şübhəsi ilə 190 min 663 nəfərin xəstəxanaya yerləşdirildiyi, onlardan 183 min 42-nin sağalaraq evə buraxıldığı qeyd olunub.
Açıqlamada qızılcaya bənzər simptomlar göstərənlərin sayının 214 min 551-ə, təsdiqlənmiş qızılca hallarının isə 23 min 157-yə çatdığı vurğulanıb.
Həmçinin son 24 saat ərzində qızılca şübhəsi olan 1307 və təsdiqlənmiş 35 yoluxma halının qeydə alındığı bildirilib.
Ölkədə mart ayında başlanan təcili peyvənd kampaniyasının ilk mərhələsində 6 aylıqdan 5 yaşadək uşaqlara üstünlük verilib. Daha sonra peyvəndləmə prosesi mərhələli şəkildə genişləndirilərək bütün ölkəni əhatə edib.
Pnevmoniya və ensefalitə səbəb ola bilən qızılca dünyada peyvənd vasitəsilə qarşısı alına bilən ölüm hallarının əsas səbəblərindən biri hesab olunur.

