ABŞ Səudiyyə Ərəbistanının nüvə proqramı ilə bağlı şərtlər irəli sürüb


ABŞ Səudiyyə Ərəbistanının Vaşinqtondan asılı olmadan uran zənginləşdirmə imkanları yaratmasının iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlığı təhlükə altına sala biləcəyi barədə xəbərdarlıq edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası rəhbərinin müavini Metyu Napoli Vaşinqtonda Karnegi Fondunda çıxışı zamanı deyib.

Napolinin sözlərinə görə, Səudiyyə Ərəbistanının müstəqil şəkildə uran zənginləşdirmə gücləri yaratması ABŞ-la imzalanmış 123 saylı sazişin şərtlərini pozar və ikitərəfli əməkdaşlığı riskə atar.

O bildirib ki, iki ölkə arasında nüvə əməkdaşlığını tənzimləyən saziş hələ də ABŞ Konqresinin nəzərdən keçirməsi mərhələsindədir. Belə razılaşma olmadığı təqdirdə, Ər-Riyad ABŞ-dan başqa ölkələrin də köməyi ilə öz mülki uran zənginləşdirmə proqramını inkişaf etdirə bilər.

123 saylı saziş ABŞ-ın Atom Enerjisi haqqında qanununun müvafiq bölməsinin adını daşıyır və Vaşinqtonun digər ölkələrlə nüvə sahəsində əməkdaşlığının hüquqi çərçivəsini müəyyənləşdirir. ABŞ Energetika Nazirliyinin məlumatına görə, bu cür razılaşmaların əldə olunması tərəfdaş ölkələrdən nüvə silahlarının yayılmamasına dair ciddi tələblərə əməl etməyi tələb edir.

ABŞ Energetika Nazirliyi iyulun 22-də Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc məqsədli nüvə proqramını dəstəkləməsi barədə iki ölkə arasında razılaşma əldə olunduğunu açıqlayıb. Bir neçə onilliyi əhatə etməsi nəzərdə tutulan sənəd ABŞ şirkətlərinin Səudiyyə Ərəbistanında atom energetikasının inkişafında iştirakına geniş imkanlar yaratmağı hədəfləyir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu