Rusiya Latviyaya etiraz notası verib



Rusiya Xarici İşlər Nazirliyi Riqadakı səfirliyinin sosial təminat bölməsində çalışan bütün əməkdaşların işdən çıxarılmasının tələb edilməsi səbəbindən Latviyaya etiraz notası təqdim edib.

AFN.az xəbər verir ki, nazirliyin yazılı açıqlamasında Latviyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Romano Krasovskanın Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.

Görüş zamanı Latviya Xarici İşlər Nazirliyinin Rusiyanın Riqadakı səfirliyinin konsulluq bölməsinə bağlı sosial təminat şöbəsində çalışan bütün əməkdaşların işdən çıxarılmasını tələb etməsinə kəskin etiraz bildirildiyi qeyd olunub.

Açıqlamada bildirilib ki, sözügedən tələb Latviyada yaşayan təxminən 6 min rusiyalı təqaüdçü hərbçinin və onların ailə üzvlərinin pensiya ödənişlərini, eləcə də sosial təminatını təhlükə altına salır.

Həmçinin qeyd olunub ki, Latviyanın bu addımları 1994-cü ildə iki ölkə arasında imzalanmış, rusiyalı təqaüdçü hərbçilərin və onların ailə üzvlərinin sosial təminatına dair hökumətlərarası sazişdən irəli gələn öhdəliklərə ziddir.

Açıqlamada Rusiyanın Latviyada yaşayan təqaüdçü hərbçilər və onların ailə üzvləri qarşısında öhdəliklərini hər zaman tam yerinə yetirdiyi vurğulanıb. Hərbi pensiyaların ödənilməsində yarana biləcək böhrana görə məsuliyyətin tamamilə Latviya hakimiyyətinin üzərinə düşəcəyi bildirilib.

Latviyaya sözügedən sazişin müddəalarına ciddi şəkildə əməl etmək çağırışının edildiyi və bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin etiraz notasının təqdim olunduğu qeyd edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu