Tunis Fransaya nota verdi
Tunis Fransanın cənubundakı Marsel şəhərində bir vətəndaşının Fransa polisi tərəfindən öldürülməsi ilə bağlı Paris rəhbərliyinə etiraz notası göndərib.
Tunis Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir ki, Tunis vətəndaşı Abdelkader Dhibi 2 sentyabrda Marseldə polis tərəfindən öldürülüb.
Prezident Kays Saidin göstərişi ilə Fransanın Tunisdəki səfirliyinin işlər müvəkkilinin Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd olunub və ona güclü etirazın bildirildiyi vurğulanıb.
Açıqlamada həmçinin Fransa səfirliyinin işlər müvəkkilindən Tunisin hadisəni əsassız qətl kimi gördüyünü və Fransa hakimiyyətinin istintaqı sürətli və qətiyyətli şəkildə aparmasını gözlədiyini rəsmilərə çatdırmasının tələb edildiyi qeyd olunub.
Hadisənin təfərrüatları ilə bağlı rəsmi açıqlama verilməsə də, Fransız mətbuatında yayılan xəbərlərdə 2 sentyabrda Dhibinin Marselin mərkəzində 5 nəfəri bıçaqladığı hadisəyə görə polis tərəfindən öldürüldüyü yazılıb.
Xəbərlərdə Fransada qanuni şəkildə yaşayan tunisli gəncin əvvəlcə bir bazarda bəzi şəxslərlə mübahisə etdiyi, daha sonra gənclər tərəfindən təqib olunduğu və köhnə liman bölgəsində polis tərəfindən vurulduğu qeyd olunub.
Fransa Baş Prokurorluğu hadisə ilə bağlı “qəsdən adam öldürməyə cəhd” və “polis əməkdaşını qəsdən öldürməyə cəhd” ittihamları üzrə istintaq başladığını, polis müdaxiləsinə dair işin isə Daxili İşlər Baş İdarəsinə göndərildiyini açıqlayıb.



