Kreml: Putin Tramp və Zelenski ilə üçtərəfli və ya ikitərəfli zirvə barədə razılaşmayıb
Kremlin xarici siyasət üzrə müşaviri Yuriy Uşakov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli və ya ayrıca ikitərəfli görüş barədə razılığa gəlməyib.
Uşakov “Rossiya” dövlət kanalına açıqlamasında Putinlə Trampın Alyaskada keçirilən görüşü barədə danışıb. Onun sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Vitkofun Moskva səfərlərində əldə edilən nəticələr həmin görüşün əsasını təşkil edib:
“Vitkofun beş səfəri, xüsusilə də sonuncusu zamanı əldə edilən bütün məqamlar Putin və Tramp arasındakı görüşün əsasını təşkil etdi. Bundan sonra liderlər gələcəkdə necə hərəkət edəcəkləri barədə razılaşdılar”.
Kreml rəsmisi qeyd edib ki, həm ABŞ, həm də Rusiya tərəfi bu razılaşma üzərində işləyir və bu çərçivədə digər liderlərlə də təmaslar qurulur.
O, Rusiya-Ukrayna danışıqlarının səviyyəsinin yüksəldilməsinə dair hələlik konkret təklif olmadığını bildirib. Bu ideya əvvəlcə telefon danışığında, daha sonra isə Alyaskadakı görüşdə gündəmə gətirilib. Uşakov deyib ki, amerikalılar mövzunu əvvəlcə öz aralarında müzakirə edəcək, daha sonra Rusiya tərəfinə müəyyən təkliflər təqdim edəcəklər.
Putin və Trampın Zelenski ilə görüş məsələsində razılığa gəlmədiyini vurğulayan Uşakov əlavə edib:
“Hazırda mətbuatda yayılanlar tam olaraq bizim razılaşdığımız məqamlarla üst-üstə düşmür. İndi üçtərəfli görüşdən, Putinin Zelenski ilə ayrıca görüşməsindən danışırlar. Amma bildiyim qədərilə Putin və Tramp arasında bu mövzuda razılıq yoxdur”.
