Tramp: Putinlə sülh razılaşması olmazsa, ağır nəticələr olacaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, 15 avqustda Alyaskada keçiriləcək zirvə görüşündə Rusiya prezidenti Vladimir Putinlə müharibəni dayandırmaq barədə razılıq əldə olunmazsa, bunun Rusiya üçün ağır nəticələri olacaq.
Tramp bu fikri Kennedi Mərkəzində keçirilən tədbirdəki çıxışından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Putinlə Alyaskada baş tutacaq görüşdən əvvəl Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə onlayn formatda danışıqlar apardığını, görüşün çox yaxşı keçdiyini vurğulayıb.
ABŞ prezidenti “Görüşümüz çox səmərəli keçdi, 10 üzərindən 10 verərdim” deyərək, Rusiya–Ukrayna müharibəsinə son qoymaq üçün müzakirə ediləcək mövzular barədə fikir mübadiləsi aparıldığını bildirib.
“Cümə günü Putin müharibəni dayandırmaq barədə razılıq verməsə, sanksiya tətbiq edəcəksinizmi?” sualına Tramp “Bəli. Hazırda bu sanksiyaların nə olacağını açıqlamayacağam, amma bunun Rusiya üçün ağır nəticələri olacaq” deyə cavab verib.
Tramp bildirib ki, Putinlə görüş müsbət keçərsə, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenskinin bir araya gələcəyi ikinci bir zirvə təşkil etmək niyyətindədir.
O, ikinci görüşün birincidən daha səmərəli ola biləcəyini qeyd edib və Putinlə görüşdə vəziyyətin nə yerdə olduğunu daha aydın görəcəyini vurğulayıb.
Tramp əgər ilk görüşdən istədiyi nəticələr əldə olunmazsa, ikinci görüşün keçirilməyəcəyini də deyib.
Cümə günkü zirvədə Putini müharibəni bitirməyə razı sala biləcəyinə inanıb-inanmadığı sualına isə Tramp “Bu suala 'yəqin ki' deyə cavab verəcəyəm, çünki Putini yaxşı tanıyıram və onunla çoxsaylı görüşlərimiz olub” deyə cavab verib.