Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlılığındakı rolunu media nümayəndələri ilə müzakirə edib



Mərkəzi Bank media nümayəndələrinin mərkəzi bankçılıq və maliyyə sektorunun gündəmində olan aktual mövzular üzrə bilik və məlumatlılığının artırılmasına yönəlmiş maarifləndirici təşəbbüslərini davam etdirir.

AFN.az xəbər verir ki, bu çərçivədə media nümayəndələri üçün Sığorta sektorunun maliyyə dayanıqlılığında rolu mövzusunda növbəti məlumatlandırma sessiyası təşkil olunub.

Təlimdə Mərkəzi Bankın əməkdaşları tərəfindən sığortanın maliyyə sabitliyinin təmin edilməsində rolu, sığorta bazarının mövcud vəziyyəti və inkişaf tendensiyaları barədə ətraflı məlumat verilib. Sığorta sektorunda tənzimləmə və nəzarət sahəsində həyata keçirilmiş islahatlar, risklərin idarə edilməsi və sektorun inkişaf perspektivləri diqqətə çatdırılıb. Eyni zamanda sığorta sahəsində rəqəmsallaşma proseslərinin sürətlənməsi, süni intellekt və məlumat əsaslı texnologiyaların tətbiqinin genişlənməsi, fərdiləşdirilmiş sığorta məhsullarına artan maraq, eləcə də iqlim dəyişiklikləri ilə bağlı risklərin sığorta sektoruna təsiri kimi aktual qlobal tendensiyalara dair müzakirələr aparılıb.

İnteraktiv formatda keçirilən təlimdə media nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırılıb.

Təlimdə Mərkəzi Bankın maliyyə sektorunun müxtəlif sahələri üzrə media nümayəndələrinin məlumatlılığının artırılmasını və bununla da aktual mövzuların daha dolğun və düzgün işıqlandırılmasını təşviq etdiyi vurğulanıb. Bu məqsədlə təşkil olunan məlumatlandırma sessiyalarının media ilə peşəkar əməkdaşlığın gücləndirilməsinə, maliyyə sektorunda baş verən proseslərin mahiyyətinin daha dərindən anlaşılmasına və ictimaiyyətin etibarlı, dolğun məlumatlarla təmin olunmasına töhfə verdiyi qeyd edilib.

Mərkəzi Bank bu istiqamətdə maarifləndirici təşəbbüslərini bundan sonra da davam etdirəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu