Avropa Ukrayna məsələsində vahid danışıqlar nümayəndəsi axtarır


Avropa İttifaqına üzv ölkələr Ukrayna ilə bağlı sülh danışıqlarında mövqelərinin kənarda qalacağından narahatdır və birliyi təmsil edəcək vahid nümayəndə axtarırlar.

AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun oktyabrın 21-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Aİ üçün danışıqlarda təmsilçilik məsələsi daha da aktuallaşıb. Avropa rəsmiləri Rusiya prezidenti ilə birbaşa təmasın əhəmiyyətini anlayırlar, lakin mümkün nümayəndənin kim olacağı hələ müəyyənləşdirilməyib.

"Politico" mümkün namizədlər arasında Finlandiya prezidenti Aleksandr Stubbun və Avropa Şurasının sədri Antonio Koştanın adlarını çəkir. Stubbun üstünlüyü Finlandiya ilə Rusiya arasındakı uzunmüddətli diplomatik münasibətlər və ABŞ prezidenti Donald Trampla şəxsi tanışlığı ilə əlaqələndirilir.

Nəşrin danışdığı avropalı diplomatın fikrincə, Koşta Avropa İttifaqının maraqlarını Avropa Komissiyasının sədri Ursula fon der Lyayendən daha səmərəli təmsil edə bilər. Aİ üçün əsas məsələ danışıqlarda yalnız ayrı-ayrı nüfuzlu ölkələrin deyil, bütün üzv dövlətlərin maraqlarını ifadə edə biləcək şəxsin iştirakıdır.

Qeyd edək ki, oktyabrın 20-də Osloda Ukrayna nümayəndə heyəti Uitkoffla görüşüb. Görüşdə Norveçin baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak ediblər. ABŞ prezidentinin kürəkəni Cared Kuşner isə müzakirələrə videobağlantı vasitəsilə qoşulub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu