PHP-də aşkarlanan təhlükəsizlik boşluqları dünya üzrə çoxsaylı saytların bağlanmasına səbəb olub
Proqramlaşdırma dili olan PHP-də ciddi təhlükəsizlik boşluqlarının aşkarlanması ilə bağlı xəbərlərdən sonra dünya üzrə, o cümlədən dövlət qurumlarına məxsus çoxsaylı internet saytlarına giriş ehtiyat tədbiri olaraq qismən və ya tamamilə dayandırılıb.
AFN.az xəbər verir ki, təhlükəsizlik riskləri ilə əlaqədar bir sıra ölkələrdə dövlət qurumları və təşkilatlar sistemlərini müvəqqəti olaraq şəbəkədən ayırıblar.
The Wall Street Journal qəzetinin məlumatına görə, təhlükəsizlik şirkəti Calif avqust ayında süni intellektin köməyi ilə PHP-də aşkar etdiyi təhlükəsizlik boşluğu barədə məlumat dünən mətbuata sızdırılıb. Bu xəbərlərdən sonra bir çox qurum və təşkilat məsələ ilə bağlı xəbərdarlıqlar yayıb.
ABŞ Federal Təhqiqat Bürosu (FBI) və ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) internet saytlarının və tətbiqlərin fəaliyyətini təmin edən, geniş istifadə olunan PHP proqramlaşdırma dilində iki kritik təhlükəsizlik boşluğunun aşkarlandığı barədə xəbərdarlıq ediblər.
FBI-nin kibercinayətkarlıq bölməsi təhlükəsizlik boşluqlarının bədniyyətli şəxslərə PHP vasitəsilə uzaqdan kod icra etməyə imkan verə biləcəyini bildirib. Bu isə həssas məlumatların və şəbəkələrin təhlükəsizliyini risk altına sala bilər.
FBI-nin açıqlamasında dünya üzrə internet saytlarının təxminən 70 faizinin fəaliyyətini təmin edən PHP-dəki boşluqlarla bağlı xəbərdarlıq edilib. Saytlarını dərhal yeniləyə bilməyən qurumlara, təşkilatlara və şəxslərə internet resurslarını müvəqqəti olaraq oflayn vəziyyətə gətirmək tövsiyə olunub.
Kyodo News agentliyinin məlumatına görə, təhlükəsizlik boşluqlarının üzə çıxmasından sonra Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkə üzrə uzunmüddətli qayğı xidmətləri göstərən müəssisələrin əlaqə məlumatlarını ehtiva edən informasiya mübadiləsi sisteminə aid internet saytını ehtiyat tədbiri olaraq müvəqqəti dayandırıb.
Danimarka, Norveç və Finlandiya PHP-də ciddi təhlükəsizlik boşluqlarının aşkarlandığı barədə sistem istifadəçilərinə xəbərdarlıq ediblər.
Danimarkanın Kibertəhlükəsizlik və Dayanıqlılıq Agentliyi sistem sahiblərini mümkün qədər tez yeniləmələr aparmağa çağırıb. Yeniləmənin mümkün olmadığı hallarda sistemlərin müvəqqəti olaraq şəbəkədən ayrılması tövsiyə edilib.
Norveç Milli Təhlükəsizlik Qurumunun yaydığı xəbərdarlıqda PHP-dəki təhlükəsizlik boşluqlarının icazəsiz şəxslərə parol və ya giriş təsdiqi tələb olunmadan təsirə məruz qalan sistemlər üzərində nəzarəti ələ keçirmək imkanı verə biləcəyi bildirilib.
Norveçin NRK telekanalı Norveç Rəqəmsallaşma Direktorluğunun saytının, eləcə də təhsil və tədqiqat sektorunda təhlükəsiz giriş və məlumat mübadiləsi üçün istifadə edilən Feide platformasının fəaliyyətinin dayandırıldığını açıqlayıb.
Finlandiya Milli Kibertəhlükəsizlik Mərkəzi xəbərdarlıq yayaraq bəzi dövlət saytlarının prioritet təhlükəsizlik tədbiri çərçivəsində fəaliyyətinin dayandırıldığını bildirib. Finlandiya mediasının məlumatına görə, Helsinki Kitab Sərgisi və Finlandiya Film Fondu kimi müxtəlif internet resurslarında da fasilələr yaranıb.
Niderlandın Baş naziri Rob Jetten vətəndaşların dövlət xidmətlərinə daxil olmaq üçün istifadə etdikləri DigiD və MijnOverheid saytlarına girişin müvəqqəti məhdudlaşdırıldığını açıqlayıb. PHP dilinin təhlükəsizliyinin təmin edilməsi üzərində çalışan proqramçılardan ibarət PHP Fondu isə boşluqları aradan qaldıran düzəlişləri və sistemlərin yenilənməsi ilə bağlı təlimatları dərc etdiyini bildirib.
Süni intellekt şirkəti OpenAI öz bloqunda son iki ay ərzində PHP-dəki təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün tədqiqatçılar və digər çoxsaylı mütəxəssislərdən ibarət qrupa rəhbərlik etdiyini qeyd edib.
Yaponiyanın Baş naziri Sanae Takaiçi də xəbərdarlıq edərək PHP-dən istifadə edən internet saytlarını təhlükəsizlik boşluğunu aradan qaldıran yeniləmələri quraşdırmağa çağırıb.
Avstraliyanın kiberkəşfiyyat qurumu olan Avstraliya Siqnal Direktorluğu (ASD) isə təşkilatları və fərdi istifadəçiləri bu məsələ ilə bağlı hazırlanacaq yeniləmə və təhlükəsizlik yamaqlarını tətbiq etməyə hazır olmağa çağırıb.

