Fransada PHP-də aşkarlanan təhlükəsizlik boşluğuna görə prefekturaların saytları bağlanıb
Fransada internet saytlarının infrastrukturunda geniş istifadə olunan PHP proqramlaşdırma dilində aşkarlanan təhlükəsizlik boşluqları səbəbindən prefekturaların internet saytlarına giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
AFN.az xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi kibertəhlükəsizliyə cavabdeh olan Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyinin (ANSSI) müraciəti əsasında bir sıra internet saytlarını ehtiyat tədbiri olaraq texniki xidmətə bağlayıb.
Açıqlamada bildirilib ki, bu addım dünyada istifadə olunan proqramlaşdırma dilində kritik təhlükəsizlik boşluğunun bir neçə saat əvvəl elan edilməsindən sonra atılıb. Bu səbəbdən prefekturaların internet saytları müvəqqəti olaraq əlçatmaz vəziyyətə gətirilib.
Prefekturaların qəbul etdiyi qərarlar, paylaşdığı fövqəladə vəziyyət mesajları və göstərişlərlə həmin qurumların sosial media hesabları və ya elanları vasitəsilə tanış olmaq mümkündür. Açıqlamada qeyd olunub: “Komandalarımız yeniləmə prosesinin mümkün qədər tez həyata keçirilməsi üçün çalışır”.
Fransa Daxili İşlər Nazirliyi bu addımı Calif təhlükəsizlik şirkətinin süni intellektin köməyi ilə PHP-də aşkarladığı boşluq barədə məlumatın mətbuata sızmasından sonra atıb.
PHP-dəki boşluqlar səbəbindən dünya üzrə bir çox dövlət saytı da daxil olmaqla çoxsaylı internet resurslarına giriş qismən və ya tamamilə dayandırılıb.

