Səudiyyə Ərəbistanında Kral Fəhd hava limanına hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb
Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına hücum nəticəsində 1 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını açıqlayıb.
AFN.az xəbər verir ki, idarənin yaydığı məlumatda hava limanının oktyabrın 21-də, çərşənbə günü axşam saatlarında hücuma məruz qaldığı bildirilib.
Açıqlamada hücum nəticəsində ölkədə yaşayan bir xarici vətəndaşın həyatını itirdiyi qeyd olunub.
Yaralanan 8 nəfərin lazımi tibbi yardım almaq üçün dərhal xəstəxanaya çatdırıldığı bildirilib.
Məlumatda, həmçinin, hücumun dağıntılara səbəb olduğu, zərərin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyi və hadisə ilə bağlı əlavə məlumatın daha sonra veriləcəyi qeyd olunub.
Hücumun hansı üsulla həyata keçirildiyi və kim tərəfindən təşkil olunduğu barədə məlumat verilməyib.
Yəməndə qanuni hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası ölkənin şərq bölgəsində 4 pilotsuz uçuş aparatının (PUA) qarşısının alınaraq məhv edildiyini açıqlayıb.
Ərəb Koalisiyasının sözçüsü tərəfindən verilən açıqlamada sözügedən PUA-ların Səudiyyə Ərəbistanının şərq bölgəsində zərərsizləşdirildiyi bildirilib.
Yəməndə 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Səna və bəzi vilayətləri nəzarətə götürməsindən sonra başlayan vətəndaş müharibəsi davam edir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir.
