Səudiyyə Ərəbistanında 5 hava limanına 10 hücum nəticəsində 19 nəfər ölüb
Səudiyyə Ərəbistanında bir həftə ərzində 5 hava limanının hədəf alındığı 10 hücum nəticəsində 19 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.
AFN.az xəbər verir ki, hücumların ən çoxu paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilib.
Paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı 5 hücumla ən çox hədəf alınan hava limanı olub. Hücumlar səbəbindən hava limanında əməliyyatlar müvəqqəti dayandırılıb.
Ərəb Koalisiyası bu gün Kral Xalid Beynəlxalq Hava Limanının 4-cü terminalındakı sərnişin zalına mənbəyi məlum olmayan sursatın düşdüyünü və yanğın baş verdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) hücum nəticəsində yaralananların olduğunu bildirib.
GACA müvafiq qurumlarla koordinasiya şəraitində zərərin müəyyənləşdirilməsi və hava limanı obyektlərinin təhlükəsizliyinin yoxlanılması işlərinin davam etdiyini qeyd edib.
Hava limanına dünən edilən hücum zamanı isə 12 nəfər həyatını itirib, 309 nəfər yaralanıb.
Həyatını itirənlərdən 4-nün Səudiyyə Ərəbistanı, 2-nin Banqladeş, digərlərinin isə ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları olduğu açıqlanıb.
Hindistanın Ər-Riyaddakı səfirliyi hücum zamanı yaralanan vətəndaşlarından birinin vəfat etdiyini bildirdikdən sonra ölənlərin sayı 13-ə yüksəlib.
GACA şənbə axşamı hava limanında əməliyyatların zərərin müəyyənləşdirilməsi və obyektlərin təhlükəsizliyinin yoxlanılması başa çatana qədər müvəqqəti dayandırıldığını açıqlayıb.
Kral Xalid Hava Limanına oktyabrın 8-də də iki hücum edilib. Hücumlardan birində hava limanının obyektləri, digərində isə Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus təyyarə hədəf alınıb.
GACA iki hücum nəticəsində 3 Səudiyyə Ərəbistanı vətəndaşının öldüyünü, yaralananların da olduğunu açıqlayıb. Pilot Həmud Əli əl-Külsüminin də ölən 3 nəfər arasında olduğu bildirilib. Səudiyyə Ərəbistanı Hava Yolları hücumlar zamanı dayanacaqda olan bir təyyarənin də zərər gördüyünü açıqlayıb.
Oktyabrın 7-də, çərşənbə günü hava limanına edilən hücum nəticəsində isə Sudan vətəndaşı olan bir nəfər ölüb, 8 nəfər yaralanıb. GACA yaralılardan 5-nin Səudiyyə Ərəbistanı, 2-nin Misir, birinin isə Pakistan vətəndaşı olduğunu bildirib.
Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanı da iki hücumun hədəfi olub.
GACA Kral Fəhd Beynəlxalq Hava Limanının oktyabrın 11-də, bazar günü axşam saatlarında yeni hücuma məruz qaldığını bildirib.
Açıqlamada müvafiq qurumlarla koordinasiya şəraitində zərərin müəyyənləşdirilməsi və obyektlərin təhlükəsizliyinin yoxlanılması işlərinin davam etdiyi qeyd olunub.
Ərəb Koalisiyası dünən Kral Fəhd Beynəlxalq Hava Limanının yaxınlığına sursat düşdüyünü bildirmişdi.
Oktyabrın 6-da, çərşənbə axşamı Abha Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində ölkədə yaşayan Mərakeş və Əlcəzair vətəndaşı olan 2 nəfər ölüb, 28 nəfər yaralanıb.
GACA yaralılar arasında Səudiyyə Ərəbistanı vətəndaşlarının və əcnəbilərin olduğunu, Banqladeş və Filippin vətəndaşı olan bir nəfərin də yaralandığını açıqlayıb.
Cazan şəhərindəki Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Hava Limanı və Nəcran Beynəlxalq Hava Limanına da oktyabrın 5-də, bazar ertəsi hücum edilib. Hücum nəticəsində 3 nəfər yaralanıb.
Beləliklə, Səudiyyə Ərəbistanında bir həftə ərzində 5 hava limanına edilən 10 hücum nəticəsində 19 nəfər həyatını itirib.
Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından bəri paytaxt Səna və ölkənin bəzi bölgələrinə nəzarət edirlər.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin martından etibarən husilərə qarşı Yəmən hökumətinə dəstək verir.


