AMB kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti aktivlərin təsnifləşdirilməsi, mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması, kredit riskləri üzrə prudensial normativlər və banklarda kredit risklərinin idarə edilməsi ilə bağlı qaydalara dəyişikliklər edib.
AFN.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, banklarda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kreditlər üzrə həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdiyi məlumatlarla kredit bürolarına təqdim etdiyi müvafiq məlumatlar bank tərəfindən müqayisə ediləcək. Müqayisə nəticəsində hər hansı göstərici üzrə uyğunluğun 90%-dən az olduğu müəyyən edilərsə, həmin aktiv qeyri-qənaətbəxş hesab olunacaq.
Bundan başqa, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin BGN əmsalı 70%-dən artıq olmamalıdır.
Həmçinin, borcalanın gəlirləri müvafiq sənədlər və ya dövlət informasiya ehtiyatları və sistemlərindən əldə olunan məlumatlar əsasında müəyyən edilə bildiyi hallarda həmin borcalan üzrə davranış modeli əsasında proqnozlaşdırılmış gəlirdən istifadəyə yol verilməyəcək.
Gəlirləri təsdiq edən sənədlərə iş yerindən əməkhaqqı barədə arayış, təhsil müəssisəsindən təqaüd barədə arayış, sosial müdafiə sahəsində idarəetməni həyata keçirən qurumun borcalana pensiya və müavinətlərin ödənilməsi haqqında arayışı, mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya gəlirləri təsdiq edən digər sənədlər daxildir.
Bu tələb müvafiq bəndin qüvvəyə mindiyi tarixdən sonra yaranmış kredit tələblərinə şamil ediləcək.
Qərar bir aydan sonra qüvvəyə minəcək.





