Aİ hava limanlarındakı EES problemlərinə görə üzv ölkələri məsul tutub



Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər və miqrasiya məsələləri üzrə üzvü Maqnus Brunner biometrik sərhəd nəzarəti sistemi olan Giriş/Çıxış Sisteminin (EES) tətbiqi zamanı yaranan problemlərə görə üzv ölkələri məsul tutaraq, sistemin fasiləsiz işləməsi üçün lazımi hazırlıqların görülməli olduğunu bildirib.

AFN.az xəbər verir ki, Brunner sistemin tətbiqi ilə bağlı çətinliklərin aradan qaldırılması üçün üzv ölkələrin üzərinə düşən vəzifələri yerinə yetirməli olduğunu vurğulayıb.

Politico-ya müsahibəsində Brunner üzv ölkələrin sistemin tətbiqinə hazırlaşmaq üçün kifayət qədər vaxtlarının olduğunu və sistemi özlərinin qəbul etdiklərini xatırladıb.

Brunner bunun təhlükəsizlik məsələsi olduğunu, sistemin işləməli olduğunu və üzv ölkələrin üzərlərinə düşən öhdəlikləri yerinə yetirməli olduqlarını bildirib.

Bəzi üzv ölkələrin hazırlıq prosesində geri qaldığını etiraf edən Brunner Belçikadakı Zaventem Hava Limanında yaşanan problemlərlə yanaşı, digər üzv ölkələrdə də müxtəlif çətinliklərin müşahidə olunduğunu deyib.

Brunner Aİ Komissiyasının sistemin tətbiqinə dəstək məqsədilə Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) vasitəsilə yardım və maliyyə vəsaiti ayırdığını xatırladıb. O, problemlərin növbəti tətil mövsümündə sərnişin sıxlığı artmazdan əvvəl həll edilməli olduğunu vurğulayıb.

EES-in nəticələri barədə də məlumat verən Brunner sistem vasitəsilə təxminən 1500 sərhəd-keçid məntəqəsində 230 milyona yaxın giriş və çıxış əməliyyatının qeydə alındığını bildirib.

Brunner sistemin təxminən 80 min nəfərin ölkəyə girişinin qarşısını aldığını, onlardan 2 mininin terrorçuluq və ya mütəşəkkil cinayətkarlıq kimi fəaliyyətlərlə əlaqələri səbəbindən təhlükəsizlik təhdidi hesab edildiyini qeyd edib.

Sistemin effektiv işlədiyini bildirən Brunner onun həqiqətən fəaliyyət göstərdiyini və nəticə verdiyini deyib.

Brunner EES-i dünyanın ən müasir sərhəd idarəetmə sistemi kimi xarakterizə edərək, ABŞ, Kanada və digər ölkələrlə müqayisə apardıqlarını və həmin ölkələrin bu sistemə həsəd apardığını bildirib.

Aİ ölkələri Şengen zonasına gələn Aİ vətəndaşı olmayan sərnişinlərin barmaq izlərini və üz görüntülərini qeydə alan EES-i bir il əvvəl mərhələli şəkildə tətbiq etməyə başlamışdı.

Sistem aprelin 10-dan etibarən 29 ölkənin bütün xarici sərhəd-keçid məntəqələrində tam fəaliyyətə başlamışdı.

Yeni sistem pasportlara əl ilə möhür vurulması qaydasını əvəz edir, Aİ vətəndaşı olmayan sərnişinlərin biometrik məlumatlarının götürülməsini və rəqəmsal şəkildə qeydə alınmasını məcburi edir.

Bu prosedurlar sərhəd yoxlamalarının daha uzun çəkməsinə və xüsusilə səfərlərin intensiv olduğu dövrlərdə gözləmə müddətlərinin artmasına səbəb olur.

Sistemin tətbiqi ilə bağlı müzakirələr sərhəd nəzarətindəki gecikmələrin Aİ səviyyəsində qəbul edilmiş qaydalardan, yoxsa üzv ölkələrin və hava limanlarının hazırlıq və infrastruktur çatışmazlıqlarından qaynaqlandığı sualını gündəmə gətirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu