Avropa İttifaqından “Navalnı” sanksiyaları
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bəyan edib ki, Aİ-yə üzv nazirlər Rusiyada həbsdə ölən dissident Aleksey Navalnının ölümünə görə məsul olanlara sanksiya tətbiq etmək qərarına gəliblər.
Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Borrell həm Aİ, həm də ABŞ-ın Ukrayna üçün təcili addım atmalı olduğunu vurğulayaraq, “Transatlantik birlik çox vacibdir” ifadələrini işlədib.
Görüşə videokonfrans vasitəsilə qatılan Ukrayna xarici işlər naziri Dmitro Kulebadan müharibədəki son hadisələrlə bağlı məlumat aldıqlarını ifadə edən Borrell, Ukraynaya dəstəyin artırılması ilə bağlı qərarların alındığını bildirib.
Nazirlərin Navalnının ölümündə məsul olan 30-a yaxın şəxs və təşkilata sanksiya tətbiq etmək barədə razılığa gəldiklərini bildirən Borrell, sözügedən şəxslərin və qurumların adlarını açıqlamayıb.
Borrell toplantıda Rusiyanın dondurulmuş aktivlərinin də gündəmdə olduğunu qeyd edərək, üzv ölkələrin bu varlıqlardan Ukraynaya hərbi dəstəyi artırmaq üçün istifadə edilməsinə güclü dəstək olduğunu qeyd edib.
Avropa Sülh Fondu çərçivəsində yaradılan “Ukraynaya Yardım Fondu” ilə bağlı sualı cavablandıran Borrell, “Ukraynaya Yardım Fondu Avropa müdafiə sənayesini inkişaf etdirmək üçün deyil, Ukraynaya kömək etmək üçündür” ifadələrini işlədib.