Avropa İttifaqından böyük ərzaq böhranı xəbərdarlığı


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bəyan edib ki, Rusiya Qara Dəniz Taxıl Təşəbbüsü sazişindən çıxdıqdan sonra Ukrayna limanlarını bombalayıb və külli miqdarda taxıl yandırıb və son hadisələr böyük ərzaq böhranına gətirib çıxaracaq.


Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl jurnalistlərə açıqlama verən Borrell Ukraynadakı vəziyyətin gündəmin əsas bəndlərindən olduğunu bildirib.

Rusiya ordusunun son bir neçə gündə Ukraynanın Odessa limanında infrastrukturu bombaladığını, 60 min ton taxılın yandığını bildirən Borrell, Rusiyanın təkcə taxıl müqaviləsindən çəkilmədiyini hatta onların taxılı yandırdığını vurğulayıb.

Rusiyanın hərəkətlərini barbarcasına adlandıran Borrell, bu hadisənin dünyada böyük bir qida böhranına səbəb olacağını qeyd edib.

Ukrayna xarici işlər naziri Dmitro Kulebanın da görüşə videokonfrans vasitəsilə qoşulacağını bildirən Borrell, uzunmüddətli perspektivdə Ukraynaya necə dəstək veriləcəyini müzakirə edəcəklərini bildirib.

Borrell, Ukraynaya hərbi dəstək üçün istifadə edilən Avropa Sülh Fondunun çox ciddi məbləğdə artırılmasının lazım olduğunu, bunun üçün plan hazırladığını və nazirlərin planı təsdiqləyəcəyinə ümid etdiyini bildirib.

Hazırladığı təkliflə bağlı rəqəmlər açıqlamayan və əvvəlcə nazirlərin razılığını almalı olduğunu deyən Borrell, Ukraynanın aydan aya deyil, uzunmüddətli struktur və davamlı dəstəyə ehtiyacı olduğunu qeyd edib.

Beynəlxalq mətbuatda AB-nin Ukraynaya uzunmüddətli hərbi dəstək üçün 20 milyard avro əlavə vəsait ayırmağa hazırlaşdığı iddia edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu