İtaliya ilə İspaniya arasında Şengen böhranı
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Seuta bölgəsinə qanunsuz miqrantların daxil olmaq cəhdindən sonra İtaliya tərəfinin "Şengen zonasının İspaniyaya bağlanması" ilə bağlı çağırışına sərt reaksiya verib.
AFN.az xəbər verir ki, Albares bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İspaniyalı nazir İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajaninin paylaşımına istinad edərək bildirib ki, bu mesaj Avropa həmrəyliyi gözlədiyimiz, siyasi demaqogiya deyil, əməkdaşlıq umduğumuz dost və tərəfdaş ölkənin xarici işlər nazirinə yaraşmır.
Albares həmçinin İtaliyanın Madriddəki səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.
Antonio Tajani isə sosial şəbəkədə paylaşdığı açıqlamada Şengen zonasının İspaniyaya bağlanmasını dəstəklədiyini bildirərək, qanunsuz və nəzarətsiz miqrasiyanın milli təhlükəsizlik üçün risk yaratdığını iddia edib.
Tajani qeyd edib ki, Seutadan yayılan görüntülər Madrid hökumətinin 500 mindən çox qanunsuz miqranta İspaniya və bununla da Avropa vətəndaşlığı verməsinin nə qədər ciddi səhv olduğunu və insan alverini təşviq etdiyini göstərir.
Bu arada Avropa Birliyi (Aİ) Komissiyasının Daxili İşlər və Miqrasiya üzrə üzvü Magnus Brunner Seutada yaranmış vəziyyətlə bağlı Aİ-nin İspaniyaya dəstəyini artırmağa hazır olduğunu açıqlayıb.
Brunner bildirib ki, Aİ-nin xarici sərhədlərinin qorunması qanunsuz miqrasiya ilə mübarizənin əsas istiqamətlərindən biridir və Seutada baş verən hadisələrlə bağlı aidiyyəti qurumlarla əlaqə saxlanılır.
O əlavə edib ki, İspaniyanın daxili işlər naziri Fernando Grande-Marlaskaya Aİ-nin dəstəyini artırmağa hazır olduqları çatdırılıb və bu dəstək Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) vasitəsilə göstəriləcək yardımları da əhatə edir.
Qeyd edək ki, daha əvvəl Mərakeşin Kastilyexos sahillərindən İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutaya üzərək keçməyə çalışan 800-dən çox qanunsuz miqranta müdaxilə olunub.
İspaniyanın Baş naziri Pedro Sançes hadisə ilə bağlı hökumətin bütün imkanlarının səfərbər edildiyini bildirib. Qanunsuz miqrasiya cəhdlərinin artması səbəbindən İspaniya hökuməti təhlükəsizliyin təmin edilməsi məqsədilə silahlı qüvvələrin Seutaya yerləşdirilməsi barədə qərar qəbul edib.


