Səudiyyə Ərəbistanının vəliəhdi husi hücumlarına görə bunkerlərdə gizlənir
Yəmənin husilər hərəkatının hücumları səbəbindən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bunkerlərlə təchiz olunmuş saraylar arasında hərəkət etməyə məcbur qalır.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, vəliəhd sonuncu dəfə oktyabrın 6-da milli donor kampaniyası çərçivəsində ictimaiyyət qarşısına çıxıb. Həmin vaxtdan bəri o, gücləndirilmiş mühafizə altında, bunkerləri olan saraylar arasında hərəkət edir. Onun təhlükəsizliyini şəxsən seçdiyi mühafizə qrupu təmin edir.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı husilərin hücumları fonunda dünyanın müxtəlif ölkələrindən hava hücumundan müdafiə vasitələri əldə etməyə çalışır və hərbi müttəfiqi Pakistandan kömək istəyib. Ər-Riyad həmçinin Yəməndə müttəfiq qüvvələrə dəstək vermək üçün başqa ölkələrdən hərbçilərin cəlb olunması imkanını nəzərdən keçirir. Bununla yanaşı, krallıq münaqişənin diplomatik yolla həlli yollarını da axtarır.

