Yunanıstan ABŞ-dan 4 milyard dollarlıq silah və hərbi texnika alacaq


Yunanıstan ABŞ-dan müasir raketlər, bombalar və “Black Hawk” helikopterləri almaq, həmçinin F-16 qırıcılarını modernləşdirmək üçün 4 milyard dollara qədər vəsait xərcləyəcək.

AFN.az xəbər verir ki, bu barədə “Reuters” Yunanıstandakı yüksəkvəzifəli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 4 milyard dollarlıq saziş F-16 Viper və F-35 qırıcıları, eləcə də “Black Hawk” helikopterləri üçün yeni raket və bombaların alınmasını, həmçinin köhnə F-16 qırıcılarının Viper versiyasına modernləşdirilməsini nəzərdə tutur.

Yunanıstan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, satınalmaların böyük hissəsi hökumətin çoxillik müdafiə planına daxil edilib və ölkənin maliyyəsinə əlavə təzyiq yaratmayacaq.

Yunanıstan Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli rəsmisi də ABŞ-dan 4 milyard dollarlıq hərbi texnika və avadanlıq alınacağını təsdiqləyib. Onun sözlərinə görə, xərclər 20 il ərzində həyata keçiriləcək.

Yunanıstan 2024-cü ildə “Lockheed Martin” şirkətindən 20 ədəd F-35 qırıcısı və “Sikorsky”nin 35 ədəd UH-60M “Black Hawk” helikopterini almağa razılaşıb. Ölkə həmçinin 82-yə yaxın F-16 qırıcısını Viper versiyasına modernləşdirir və daha 37 F-16 Block 50 təyyarəsinin təxminən 1 milyard dollar müqabilində modernləşdirilməsini planlaşdırır.

Yunanıstan 2036-cı ilədək F-35 qırıcıları, ABŞ istehsalı helikopterlər və İsrail silahlarının daxil olduğu çoxsəviyyəli raket əleyhinə və zenit müdafiə sistemi olan “Axilles qalxanı”nın yaradılması üçün ümumilikdə təxminən 28 milyard avro xərcləməyi planlaşdırır.

Ölkə müdafiəyə ÜDM-nin təxminən 3,5 faizini ayırır. Afina bu xərcləri, digər səbəblərlə yanaşı, qonşu Türkiyədən gələn təhlükələrlə əsaslandırır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu