Medvedevdən Qərbə nüvə xəbərdarlığı: Rusiya qabaqlayıcı zərbə endirə bilər
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin mövcudluğuna qarşı hərbi təhlükə yaranacağı təqdirdə qabaqlayıcı nüvə zərbəsi endirə biləcəklərini bəyan edib.
AFN.az xəbər verir ki, Medvedev Qərb ölkələrinin Ukraynaya nüvə silahı verməsinin Moskvanı belə bir qərar qəbul etməyə məcbur edə biləcəyini iddia edərək, odla oynayan hər kəsin bu reallığı dərk etməli olduğunu bildirib.
Medvedevin Moskva Beynəlxalq Hüquq Jurnalında Dövlət suverenliyi və nüvə silahı: Milli təhlükəsizliyin təmin edilməsinin beynəlxalq hüquqi aspektləri adlı məqaləsi dərc olunub.
Rusiyanın nüvə silahından hansı şərtlər daxilində istifadə edə biləcəyinin sadalandığı məqalədə qeyd olunur ki, Nüvə Silahı Doktrinasına əsasən, Rusiyaya qarşı hərbi təhlükə yaranması, xüsusilə də texnoloji, ekoloji və ya sosial fəlakətlərə səbəb ola biləcək nüvə silahı daşımayan intensiv hava və kosmik vasitələrdən istifadə edilməsi qabaqlayıcı nüvə zərbəsi məsələsini faktiki olaraq gündəmə gətirir. Başqa sözlə, dövlətin mövcudluğunun təhlükə altında olduğu və ya ölkəyə qəbuledilməz dərəcədə zərər vurulduğu hallarda dövlətin nüvə siyasətinin əsasları qabaqlayıcı nüvə zərbəsi endirilməsinə faktiki olaraq icazə verir.
Medvedev Qərb ölkələrinin Kiyev hakimiyyətinə gizli və ya açıq şəkildə nüvə silahı verməsinin Moskvanı qabaqlayıcı nüvə zərbəsi endirməyə məcbur edə biləcəyini də vurğulayıb.
Ukrayna və NATO ölkələrinin Rusiyanın nüvə zərbəsi endirə biləcəyi vəziyyətlər yaratdığına diqqət çəkən Medvedev Moskvanın bu istiqamətdə qərar qəbul etməzdən əvvəl vurulmuş zərərin miqyasını və veriləcək cavabın mütənasib olub-olmadığını hərtərəfli qiymətləndirdiyini bildirib.
Medvedev Kiyev hakimiyyətinin və onun dəstəkçilərinin təhlükəli yanılğıya qapılmamalı olduğunu qeyd edib. O, yuxarıda göstərilən ssenarilər reallaşacağı təqdirdə Rusiyanın nüvə silahından istifadə etmək hüququna malik olduğu kimi, bunu etməyə borclu olduğunu da iddia edib və odla oynayan hər kəsin bu həqiqəti tam dərk etməli olduğunu vurğulayıb.
Medvedev Ukraynada həyata keçirdikləri xüsusi hərbi əməliyyat zamanı nüvə silahından istifadə etmədiklərini, hərtərəfli qiymətləndirmədən sonra belə addıma ehtiyac olmadığı qənaətinə gəldiklərini bildirib. O, beynəlxalq hüququn ölkənin mövcudluğunu qorumaq məqsədilə nüvə silahından istifadə edilməsinə icazə verdiyini də diqqətə çatdırıb.
Dmitri Medvedev Ukraynanın NATO-ya üzvlüyünü hədəfləyən siyasətinin Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaratdığını və bu səbəbdən Ukraynada xüsusi hərbi əməliyyata başladıqlarını iddia edib.
Vaşinqtonun Səudiyyə Ərəbistanından fərqli olaraq İranın nüvə sahəsində fəaliyyət göstərməsinə icazə verilməməli olduğu mövqeyini müdafiə etdiyinə diqqət çəkən Medvedev bunu ikili standart adlandırıb.
Medvedev nüvə silahına birbaşa sahib olmayan Almaniya rəhbərliyinin NATO-nun nüvə çəkindirmə prosesinə qoşulmağa çalışdığını və bunun zərərli nəticələrə səbəb ola biləcəyini də bildirib.

