Səudiyyə Ərəbistanı ABŞ-ı İranla gərginliyi artırmamağa çağırıb
Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Vaşinqtonu İrana qarşı kütləvi hərbi əməliyyatları bərpa etməkdən çəkindirib və bu addımın dünya iqtisadiyyatı üçün mənfi fəsadlar törədəcəyini vurğulayıb.
AFN.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, vəliəhd Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin İranın ehtimal olunan cavab zərbələrinə hazır olduğunu, lakin Küveytin müdafiə imkanlarının zəifliyini qeyd edib. O, gərginliyin artmasının gözlənilən nəticəni verməyəcəyini, əksinə, enerji bazarlarında vəziyyəti daha da pisləşdirəcəyini bildirib.
Agentliyin mənbələrindən biri bu danışığı "səmimi və konstruktiv" kimi qiymətləndirib. AP qeyd edir ki, məhz bu söhbət Trampın İranla atəşkəs danışıqlarını bərpa etmək qərarına təsir göstərib.

