Səudiyyə Ərəbistanı Rusiya-ABŞ danışıqlarında vasitəçi kimi çıxış edəcək

Səudiyyə Ərəbistanı təkcə Rusiya və Amerika rəsmilərinə qarşıdakı danışıqlar üçün platforma təqdim etməyəcək, həm də vasitəçi kimi çıxış etmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, görüş fevralın 18-də baş tutacaq və Səudiyyə Ərəbistanı nümayəndə heyətinə krallığın milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək. ABŞ-ı dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edəcək. Adı açıqlanmayan ukraynalı rəsmi CNN-ə bildirib ki, Kiyev danışıqlarda təmsil olunmayacaq.
Qeyd edilir ki, Tramp administrasiyasının xarici siyasətində Səudiyyə Ərəbistanına mühüm rol verilir. CNN xatırladır ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud xüsusilə narkotik qaçaqmalçılığına görə Rusiyada həbs cəzası çəkən amerikalı Mark Vogelin azadlığa buraxılmasına şərait yaradıb və 2017-ci ildə Tramp prezident kimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.